Ağsu rayonunda 5 Oktyabr - Beynəlxalq müəllimlər günü qeyd olunub
Ağsu Rayon İcra Hakimiyyəti, rayon Təhsil sektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağsu rayon komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə yığıncaq keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonunun hüquq-mühafizə orqanlarının və YAP Ağsu rayon təşkilatının rəhbərləri, təhsil işçiləri və müəllim kollektivləri iştirak edib. Rayon təhsil sektorunun akt zalında təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Tədbiri açan Ağsu rayon təhsil sektoru müdirinin səlahiyyətlərini müvəqqəti icra edən Natiq Heydərov çıxış edərək son illər Ağsuda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıb. RİH başçısı ölkəmizdə müəllim əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan danışıb.
Sonda təhsildə yüksək nəaliyyətlər qazanmış bir qrup müəllimlərə Fəxri Fərman və hədiyyələr verilib.