Ağsu rayonunda 27 Sentyabr – Anım günü qeyd olunub
Ağsu şəhərindəki Qəhrəmanlar Kompleksində və Şəhidlər Xiyabanında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub. Sonra rayon məktəblilərinin ifasında şəhidlərə həsr olunmuş şerlər səsləndirilib. Anım Günü ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səs siqnalları verilib
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğu xüsusi vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açıb, onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildirib.
Həmçinin, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri yaşadıqları ünvanlarda ziyarət olunub. Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.