Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar Qəhrəmanlar Kompleksi və Şəhidlər Xiyabanı ziyarət olunub, ağacəkmə aksiyası keçirilib

27 sentyabr 2026 | 15:09

     Ağsu rayonunda 27 Sentyabr - Anım Günü silsilə tədbirlərlə qeyd olunub.  Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27.09.2026-cı il tarixdə Ağsu şəhərində Qəhrəmanlar Kompleksi və Şəhidlər Xiyabanı ziyarət olunub, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Pirhəsənli kənd ərazisindən keçən hissəsinin yol kənarlarında ağacəkmə aksiyası keçirilib.   

     Tədbirlərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

      Qəhrəmanlar Kompleksində keçirilən rəsmi tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğu xüsusi vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açıb, onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildirib.

      RİH başçısı böyük Zəfərin qazanılmasında xalqı vahid ideya ətrafında birləşdirməyə nail olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsinin, Azərbaycan əsgərinin igidliyinin və Azərbaycan xalqının həmrəyliyinin əvəzsiz rol oynadığını vurğulayıb, şəhidlərin xatirəsinə ehtiram və minnətdarlıq ifadə edib, qazilərə şəfa diləyib. 

      Tədbirdə RİH başçısı tərəfindən Qəhrəmanlar Kompleksi abidəsi önünə əklil qoyulub. Tədbir iştirakçıları Qəhrəmanlar Kompleksini ziyarət edərək kompleksə gül-çiçək dəstələri düzmüşlər. 

      Daha sonra Şəhidlər Xiyabanında Ağsu rayonundan olan şəhid məzarları ziyarət olunub. Tədbirlərin davamı olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Pirhəsənli kənd ərazisindən keçən hissəsinin yol kənarlarında ağacəkmə aksiyası keçirilib.

      27 Sentyabr - Anım Günü ilə bağlı saat 12:00-da rayon ərazisində avtonəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayanmış və bir dəqiqəlik sükütla şəhidlərin xatirəsi yad olunmuşdur.  

       Anım günü RİH başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ağsaqqallar tərəfindən şəhid ailələrinin yaşadıqları ünvanlarda ziyarət olunması ilə davam etdirilib.

Keçidlər