Ağsu rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramlarla yad ediblər.
Bayram tədbirini giriş nitqi ilə açan Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, məsul vəzifələrində onlara uğurlar arzulayıb.
RİH başçısının birinci müavini Füzuli Kərimli məruzəsində Azərbaycanda dövlət qulluğunun formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətlərini qeyd edib. Bildirib ki, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoyub. Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası hazırda onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilir.
Yığıncaqda ölkə Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuş Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Tarverdiyev Fikrət Əlsimran oğlu təbrik edilib. Həmçinin peşə bayramı günündə rayonun bir qrup dövlət qulluqçuları RİH başçısı tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.