Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı “Müzəffər Ali Baş Komandan və suverenliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilib

24 aprel 2025 | 15:23

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun, millət vəkili Elçin Mirzəbəylinin, RİH–nin məsul vəzifəli şəxslərinin, bir qrup şəhid ailəsinin və rayon ağsaqqallarının iştirakı ilə Ağsu şəhərindəki Deluxe restoranında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı “Müzəffər Ali Baş Komandan və suverenliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilib.

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıblar. Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.

     Tədbirdə çıxış edən millət vəkili Elçin Mirzəbəyli qeyd edib ki, hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Qürurverici haldır ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edilmişdir. Bu Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür.

     Bir qrup rayon ziyalısı və ağsaqqalları çıxış edərək Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğunda, xüsusilə Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyasının hazırlanmasında göstərdiyi əvəzsiz xidmətlərdən və bu sənədin bu gün də hüquqi-siyasi sistemimizin əsası olmasından və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşmasından ətraflı danışıblar.

     Sonda bir qrup rayon ziyalısı və ağsaqqalları çıxış edərək əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident cənab İlham Əliyevə ağsulular adından minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər.

     Görüş ziyalıların, veteranların, ağsaqqalların rayonun ictimai-siyasi həyatında olan fəaliyyətlərindən, görülmüş və görülməsi nəzərdə tutulan məsələlər barədə müzakirələrlə davam edib.

Keçidlər