Ağsu rayonunda 2023-cü “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib
2023-cü “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərin davamı olaraq Ağsu rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Mirzəliyeva, rayon ictimaiyyətinin nümayəndələri və məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən müəllimlər iştirak ediblər.
RİH başçısının müavini Sevil Mirzəliyeva çıxış edərək bildirmişdir ki, “Heydər Əliyev ili” və Ulu Öndərin 100 illik yubiley tədbirləri çərçivəsində ilin əvvəlindən rayonumuzda müxtəlif səpkili tədbir keçirilmişdir. Bu tədbirlər Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və onun gənc nəslə çatdırılması məqsədləri daşıyır. “Milli mənəvi dəyərlərimizə diqqət qayğı göstərən, onlara yüksək qiymət verən Ulu Öndərimiz dilimizin də qorunmasına və inkişafına daim həssaslıqla yanaşmışdır.
Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoymuşdur. Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul etmişdir. Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı 1995-ci ildə keçirilən müzakirədə Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbayan Respublikasının Dövlət dili kimi təsbit olundu. Prezident Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən hər il avqustun biri respublikamızda “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir. Hər bir xalqın dili, bayrağı, gerbi, himni onun üçün müqəddəsdir. Dil millətin simasını fərqləndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu mənada, dilimizin dövlət dili statusu qazanması, həqiqətən qürur gətirən tarixi hadisədir.Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə məhz Heydər Əliyevə minnətdar olmalıyıq. Ümummilli lider dilimizin qorunması və inkişafı sahəsində misilsiz xidmətlər göstərmişdir.
Böyük inamla və qətiyyətlə qeyd edə bilərik ki, Ulu Öndər Heydər Əliyev bütün sahələrdə, eləcə də dilimizlə bağlı apardığı ideoloji mübarizə bu gün daha parlaq şəkildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Digər çıxış edənlər bildirmişdirlər ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlığının daha bir təzahürüdür. Ölkənin geniş ictimaiyyəti, ziyalılar, eləcə də filoloqlar bu sənədi dilimizin işləkliyi və saflığının təmin edilməsi ilə bağlı son vaxtlar artmaqda olan ictimai narahatlığa dövlət başçısı İlham Əliyevin həssas və tələbkar münasibətinin daha bir təzahürü kimi qarşılamışlar.