Ağsu rayonunda 20 Yanvar - Ümumxalq hüzn gününün 35-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb
Ağsu rayonunda Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin şanlı tarixi olan 20 Yanvar - Ümumxalq hüzn gününün 35-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb. Mərasimdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Qəhrəmanlıq Kompleksinə gəliblər. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov kompleksdə şəhid ailələri və müharibə iştirakçıları ilə görüşərək onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıb və fikirlərini dinləyib.
Görüş zamanı RİH başçısı qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsinin dağılmaqda olan sovet imperiyasının xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilən bir qəsd olmuşdur. Həmin vaxt Bakıya yeridilən xüsusi hərbi hissələr ağır texnikadan istifadə edərək dinc, əliyalın insanlara qarşı görünməmiş vəhşiliklər törədib, nəticədə yüzlərlə vətəndaş, o cümlədən qocalar, qadınlar, uşaqlar, hətta xidməti vəzifəsini yerinə yetirən tibb işçiləri qətlə yetirilib, yaralanıb. Azərbaycan Televiziyasının enerji blokunun partladılaraq ölkəmizin informasiya blokadasında saxlandığı bir vaxtda xalqımızın qəhrəman oğlu, Ümummilli Lİider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək heç bir təhlükədən çəkinmədən bəyanatla çıxış edib, hadisələrə hüquqi-siyasi qiymət verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına daim xüsusi diqqət ayırır.
Sonra RİH-nin başçısı tərəfindən Qəhrəmanlıq Kompleksinə əklil qoyulub və mərasim iştirakçıları tərəfindən kompleks ziyarət olunub. Abidə önünə gül-çiçək dəstələri düzülüb və şəhidlərin xatirəsi anılıb. Mərasim iştirakçıları daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş ağsuluların uyuduğu Şəhidlər Xiyabanına gələrək şəhid məzarlarına gül-çiçəklər düzüb, xatirələrini ehtiramla yad ediblər.
Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərin hərəkəti dayandırılaraq nəqliyyat vasitələrindən səs siqnalları verilib.