Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 20 Sentyabr - Dövlət Suverenliyi Günü qeyd olunub

19 sentyabr 2025 | 18:47

       19 sentyabr 2025-ci ildə Ağsu Rayon İcra Hakimiyyətində 20 Sentyabr - Dövlət Suverenliyi Günü qeyd olunub. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon  ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

       Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin, eləcə də vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

      Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli ordumuzun şücayəti ilə 2023-cü il sentyabrın 19-da həyata keçirilən, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də uğurla başa çatmış antiterror əməliyyatında əsgər və zabitlərimizin qəhrəmanlıqlar göstərərək uğurlu və peşəkarcasına çox qısa zaman kəsiyində düşmən ordusunu təslim etdiklərini, nəticədə erməni separatizminin tam məhv olunduğunu bildirmişdir. RİH başçısı çıxışında qeyd edib ki, ermənilərin 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejim Şanlı Ordumuzun səyi ilə süqut etmiş və Ermənistan silahlı qüvvələrinin qalıqları tərksilah edilərək torpaqlarımızdan çıxarılmışdır. Vurğulayıb ki, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyi təmin olunmuş və Azərbaycanın dövlət suverenliyi bərpa edilmişdir.

        Rayon rəhbəri çıxışında qeyd edib ki, Prezident cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi hüquqi dövlət quruculuğuna və suverenliyimizin möhkəmləndirilməsinə verilən yüksək dəyərin göstəricisidir.

        Tədbirdə digər çıxış edənlər işğaldan azad olunmuş bütün ərazilərdə bu gün böyük miqyasda aparılan quruculuq və yenidənqurma işlərinin görülməsindən, böyük infrastruktur layihələrinin həyata keçirilməsindən, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasının uğurla təmin olunmasından bəhs ediblər, habelə Qarabağın ideoloji-siyasi mərkəzə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrildiyi barədə fikirlərini söyləyiblər.

      Natiqlər qeyd ediblər ki, Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Suverenliyi gününün təsis edilməsi zəfər tariximizin qalibiyyət təntənəsinin təcəssümü, xalqımızın tarixi iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir. Azərbaycan xalqı üçün suverenlik sadəcə siyasi status deyil, həm də milli qürur, kimlik və gələcək nəsillərə miras qoyulmuş müqəddəs dəyərdir. Bu dəyərin qorunması və inkişafı hər bir azərbaycanlının borcudur.

      Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Gülağa Əlisa oğluna “Tərəqqi” medalı təqdim edilmişdir.

Keçidlər