Ağsu rayonunda 2 iyul - Polis işçilərinin peşə bayramı günü qeyd olunub
Ağsu rayonunda 2 iyul - Polis işçilərinin peşə bayramı günü qeyd olunub. Tədbir iştirakçıları öncə Ulu Öndərin Heydər Parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüşlər.
Sonra tədbir rayon Polis Şöbəsində davam etdirilib. Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Oruc Əmiraslanov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər salmış, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 2 iyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə bütün polis əməkdaşlarını təbrik edib. RİH başçısı qeyd edib ki, Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanlarının oynadığı rol danılmazdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır”. Müstəqillik illərində Azərbaycan polisinin qısa zaman kəsiyində fədakar yol keçməsi və qanun pozucularına qarşı barışmaz mübarizə aparması Ümummilli Liderimizin polis orqanlarının fəaliyyətinə belə yüksək qiymət verməsinə əsas yaratmışdı.
Vurğulayıb ki, Ulu Öndərin həyata keçirdiyi zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələndi. Həyata keçirilmiş islahatlar nəticəsində də ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə start verildi, vətəndaşlarımızın dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradıldı. İctimai-siyasi sabitliyin yaradılması da milli iqtisadiyyatın inkişafına, xarici sərmayədarların Azərbaycana maraq göstərmələrinə təkan verdi. Müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atıldı.
Tədbirdə digər çıxış edənlər 105 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildiriblər.