Ağsu rayonunda 18 oktyabr - Müstəqilliyin bərpası günü qeyd olunub
18 oktyabr 2024-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Ağsu rayon təşkilatının inzibati binasında 18 oktyabr - Müstəqilliyin bərpası gününün qeyd olunması ilə əlaqədar yığıncaq keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP Ağsu rayon təşkilatının və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncağın proqramına uyğun olaraq 18 oktyabr - Müstəqilliyin bərpası gününə həsr olunmuş video-çarx və rayon məktəblilərinin ifasında şeir kompazisiyası nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını Müstəqilliyin bərpası günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara sağlamlıq, iş fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.
Rayon rəhbəri bildirib ki, Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
RİH başçısı qeyd edib ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. 44 günlük Vətən müharibəsində şanlı qələbədən və 2023-cü ilin sentyabr ayının 19-da Qarabağda aparılan uğurlu antiterror əməliyyatlarından sonra ölkəmizin müstəqilliyi daha da güclənib.
Yığıncaqda digər çıxış edənlər oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olduğunu, Azərbaycan xalqının 2023-cü ildə respublikamızın suverenliyinin tam təmin olunmasından sonra bu bayramı tam fərqli olaraq, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz ərazi bütövlüyünü tam bərpa etmiş qalib xalq kimi qeyd etdiyini bildiriblər.