Ağsu rayonunda 15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü qeyd olunub
14 iyun 2024-cü il tarixdə Ağsu rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun - Azərbaycan xalqının milli qurtuluş gününün qeyd olunması ilə əlaqədar yığıncaq keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər. Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-film nümayiş etdirilib.
Yığıncaqda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayıb, 15 İyun – Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə səmimi ürək sözlərini bölüşüb və iştirakçıları təbrik edib. İcra başçısı Ulu Öndərin keçdiyi yolları və tarixi vərəqlədikcə onun atdığı addımların hər bir azərbaycanlını qürurlandırdığını qeyd edib. Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə müasir müstəqil Azərbaycanın qurulması üçün misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Rayon rəhbəri bildirib ki, Ümummilli Lider hakimiyyətə gəlişi ilə ən geridə qalmış Azərbaycanı qısa bir vaxtda inkişaf etmiş ölkələr sırasına gətirib çıxardı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit yarandı.
Tədbirdə digər çıxış edənlər qeyd ediblər ki, 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirərək torpaqlarımızı düşmən işğalından azad edən Prezident cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib.