Ağsu rayon ümumtəhsil məktəblərindən ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrlə görüş keçirilib
Ağsu Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Ağsu Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 2023-2024-cü tədris ilində respublikanın ali təhsil ocaqlarına yüksək nəticə ilə qəbul olmuş tələbələrlə görüşlər keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, təhsil işçiləri, müəllimlər, valideynlər və ali təhsil müəssisələrinə qəbul olmuş tələbələr iştirak ediblər.
Görüşdə RİH başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycanda təhsilə olan dövlət qayğısının ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biri olmasını, təhsil sisteminin müasir tələblər istiqamətində qurulmasını, inşa olunan yeni məktəb binalarında yaradılan müasir təhsil infrastrukturu, yaradılan şəraitin vətənpərvər gəncliyin yetişdirilməsi istiqamətindəki məqsədlərini diqqətə çatdırıb. RİH başçısı ali məktəblərə qəbul olan gəncləri təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb. Ağsu təhsilinin yüksələn xətlə inkişaf etməsi üçün təhsil prosesində iştirak edən hər bir şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsinin vacibliyini və bu tədris ilində də müəyyən uğurların əldə edildiyini vurğulayıb.
Çıxış edən müəllim və valideynlər respublikamızda, eləcə də Ağsuda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda yüksək nəticə göstərmiş məzunlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr verilib.