Ağsu rayon ümumtəhsil məktəblərindən 2024/2025-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrlə görüş keçirilib
Ağsu Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2024-2025-ci tədris ilində respublikanın ali təhsil ocaqlarına yüksək nəticə ilə qəbul olmuş tələbələrlə görüş keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, təhsil işçiləri, müəllimlər, valideynlər və ali təhsil müəssisələrinə qəbul olmuş tələbələr iştirak ediblər.
Görüşdə RİH başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycanda təhsilə olan dövlət qayğısı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biri olmasını, təhsil sisteminin müasir tələblər istiqamətində qurulmasını, inşa olunan yeni məktəb binalarında yaradılan müasir təhsil infrastrukturu, yaradılan şəraitin gənclərimizin vətənpərvər gəncliyinin yetişdirilməsi istiqamətindəki məqsədlərini diqqətə çatdırıb. RİH-in başçısı ali məktəblərə qəbul olan gəncləri təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb. Ağsu təhsilinin yüksələn xətlə inkişaf etməsi üçün təhsil prosesində iştirak edən hər bir şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsinin vacibliyini və əvvəlki ilə müqayisədə bu tədris ilində müəyyən uğurların əldə edildiyini vurğulayıb.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov çıxış edərək bildirmişdir ki, 2024/2025-ci tədris ilində Ağsu rayonu üzrə təhsil sektorunun nəzdində fəaliyyət göstərən 35 tam orta ümumtəhsil məktəbinin XI sinfini 634 nəfər şagird bitirmişdir. Onlardan 280 nəfəri ali məktəbə sənəd qəbulunda iştirak etmiş və birinci mərhələdə 173 nəfər məzunumuz müxtəlif ali təhsil məktəblərinə qəbul olunmuşdur. Məzunlardan 6 nəfər 600 baldan yuxarı, 16 nəfər 500-600 arası bal toplamışdır. Ağsu rayon İlxıçı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Rəhimli Xədicə Toğrul qızı Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticə göstərərək 691,3 bal toplamışdır. Respublika Fənn Olimpiadasının final mərhələsində Ağsu şəhər S.Umbayev adına 2 nömrəli tam orta məktəbin 2 nəfər şagirdi finalda iştirak etmişdir. Onlardan Məmmədova Xədicə tarix fənnindən qızıl medal, Nağızadə Mədinə isə biologiya fənnindən gümüş medal qazanmışdır.
Çıxış edən müəllim və valideynlər respublikamızda, eləcə də Ağsuda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda yüksək nəticə göstərmiş məzunlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr verilib.







