Ağsu Rayon ümumtəhsil məktəblərində yüksək nəticə göstərmiş məzunlarla, müxtəlif müsabiqə və yarışlarda fərqlənən şagirdlərlə görüş keçirilib
Ağsu Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 2022-2023-cü tədris ilində Ağsu rayon ümumtəhsil məktəblərində yüksək nəticə göstərmiş məzunlarla, eləcə də ötən tədris ilində müxtəlif müsabiqə və yarışlarda fərqlənən şagirdlərlə görüş keçirilib.
Görüşdə RİH başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycanda təhsilə olan dövlət qayğısı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biri olmasını, təhsil sisteminin müasir tələblər istiqamətində qurulmasını, inşa olunan yeni məktəb binalarında yaradılan müasir təhsil infrastrukturu, yaradılan şəraitin gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətindəki məqsədlərini diqqətə çatdırıb. RİH-in başçısı ali məktəblərə qəbul olan gənclərə gələcək həyatlarında uğurlar arzulayıb.
Regional təhsil idarəsinin müdiri səlahiyyətlərini icra edən Rövşən Əliyev çıxışında Ağsu təhsilinin yüksələn xətlə inkişaf etməsi üçün təhsil prosesində iştirak edən hər bir şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsinin vacibliyini və əvvəlki illə müqayisədə bu tədris ilində müəyyən uğurların əldə edildiyini vurğulayıb.
Çıxış edən müəllim və valideynlər respublikamızda, eləcə də Ağsuda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildiririk ki, Ağsu rayonu üzrə ümumilikdə 161 nəfər məzun ali təhsil müəssisələrinə qəbul olub, onlardan 12 nəfər 500-dən, 3 nəfər isə 600-dən yüksək bal toplayıb.
Tədbirin sonunda yüksək nəticə göstərən məzunlara, müxtəlif müsabiqə və yarışlarda fərqlənən şagirdlərə rayon icra hakimiyyətinin, Dağlıq Şirvan Regional Təhsil idarəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələri verilib.