Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Hacıuşağı kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Hacıuşağı kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən kənd məktəbi üçün yardımçı bina və kitabxana tikilməsi, Hacıuşağı kəndinin elektrik, təbii qaz təchizatının, telefon və internet xidmətlərinin yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, maddi yardım olunması, ünvanlı dövlət sosial yardımının verilməsi, kənddə tibb məntəqəsinin tikintisi, vətəndaşların pay torpaq sahələrinə gedən yolun genişləndirilməsi, yol üzərindəki suvarma arxına boru qoyulması, vətəndaşın zəlzələdən ziyan çəkmiş evinin təmiri ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.