Ağsu Rayon İcra Hakimiyyətinin başçısı bir qrup rayon ağsaqqalları ilə görüş keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə bir qrup şəhid ailəsinin, rayon Veteranlar cəmiyyətinin, rayon Ağsaqqallar şurasının və Rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şuranının üzvləri ilə çay süfrəsi ətrafında görüş keçirilib.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbiri giriş sözü ilə açaraq rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların fəal rolundan bəhs edib və ağsaqqallara, eləcə də zəngin həyat və iş təcrübəsinə malik olan ziyalılara daim ehtiyac olduğunu bildirib. RİH başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından söz açıb.
Ağsu rayon Ağsaqqallar şurasının sədri Seyfəddin Abdullayev çıxış edərək ağsaqqallıq missiyasını hər bir ağsaqqal üçün həm şərəf, həm ağır bir mənəvi yük, həm də dövlət və cəmiyyət qarşısında məsuliyyətli bir iş olduğunu qeyd etmişdir. S.Abdulayev Ağsu Rayon Ağsaqqallar Şurası və onun rayon inzibati-ərazi vahidlərində fəaliyyət göstərən üzvlərinin fəaliyyətləri dövründə Dövlət başçısı cənab İlham Əliyevin siyasətini, normativ aktları, Azərbaycan Ağsaqallar Şurasının tapşırıq və göstərişlərini əldə rəhbər tutaraq tədbirlərin daha səmərəli keçirilməsi üçün çoxsaylı işlər görüldüyünü vurğulamış və bu sahədə onlara şərait yaradan Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
Bir qrup rayon ziyalısı və ağsaqqalları çıxış edərək əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident cənab İlham Əliyevə ağsulular adından minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər.
Görüş ziyalıların, veteranların, ağsaqqalların rayonun ictimai-siyasi həyatında olan fəaliyyətlərindən, görülmüş və görülməsi nəzərdə tutulan məsələlər barədə müzakirələrlə davam edib.