Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Qoruğunda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

18 aprel 2024 | 15:14

     17 aprel tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Xidmətinin "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı, Ağsu rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon mədəniyyət mərkəzi və Uşaq Musiqi Məktəbinin dəstəyi ilə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbir keçirilib.

     Abidələr gününə həsr olunan tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin nümayəndələri, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri üzrə İş Sektorunun baş məsləhətçisi, Ağsu rayon üzrə nümayəndə Cavanşir Şeydazadə, Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə və Mərkəzin Əməkdaşları, "Azərmətbuatyayım" ASC-nın Ağsu rayon sahə rəisi Məlahət İbrahimova,  Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin direktor vəzifələrini icra edən Elçin Novruzov və əməkdaşları, Ağsu şəhər Soltan Umbayev adına şəhər 2 saylı tam  orta məktəb, 4 saylı tam orta məktəb və Ağsu rayonu Samit Mikayılov adına Rəhimli kənd tam orta məktəbi, Uşaq Musiqi Məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivi, Bakı və ətraf rayonlardan olan turistlər iştirak ediblər.

     "2023-cü ildə Ağsu rayonunda arxeoloji tədqiqatlar-Orta əsr şəhərlərinin baş meydanları" sərgisinin açılış mərasimi keçirilib. Sərgidə 2023-cü ilin oktyabr-dekabr aylarında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən Cümə məscidinin Baş meydanının (inv. 808/12) arxeoloji tədqiqatlarında aşkara çıxarılan saxsı qablar, məscidin kirəmitinin parçaları, dəmir çıxarlar, eləcə də Ağsu rayonu, Gəgəli kəndində yerləşən Nərgizava abidəsində aparılan arxeoloji qazıntıların eksponatları sərgilənir. Qeyd edək ki, arxeoloji tədqiqat zamanı 150 kv.m. sahə öyrənilib, baş meydanın cənub sərhədi müəyyənləşdirilib. Arxeoloji tədqiqat nəticəsində baş meydanın cənub tərəfində dəmirçi emalatxanası açılıb. Sərgi car ilin iyul ayına qədər ziyarətçilərin üzünə açıq olacaq.

     Ağsu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Umud Cavid də hər kəsi Abidələr günü münasibətilə təbrik edib, O, mədəni irsin qorunub saxlanılmasını və gələcək nəsillərə sağlam şəkildə ötürülməsini aşılamağın təkmilləşdirilməsi arzusunu dilə gətirib. O həmçinin 2024-cü ilin “yaşıl dünya naminə həmrəylik” ili olduğunu və ölkəmizdə COP29-un keçirilməsini nəzərə çatdıraraq, xalqımızın bütün nümayəndələri bu istiqamətdə həmrəy olmağa çağırıb.

     Daha sonra bədii-musiqili proqram təşkil olunub. Ağsu rayon Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri ansamblı (bədii rəhbər: Taleh Cavadlı), eləcə də musiqi məktəbinin şagirdləri Aytac  Nuriyeva, Şahmurad Mədətov, Nicat Babayev, Mircəlal Kazımlının ifasında musiqi parçaları səsləndirilib. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri üzrə is Sektorunun baş məsləhətçisi, Ağsu rayon üzrə nümayəndə Cavanşir Şeydazadə tədbirin təşkilatçılarına minnətdarlıq edib və musiqi məktəbinin şagirdlərinə uğurlar arzulayıb.

     Ağsu Qoruğuna gələn ziyarətçilərə Qoruq abidələri-qədim sənətkarlıq məhəlləsi, hamam-yaşayış kompleksi, buzxana kompleksi və məscidin tarixi üzrə ekskursiya keçilib və zəngin tarixi məlumatlar verilib.

Keçidlər