Ağsu rayon İcra Hakimiyyətində Azərbaycanın Dövlət Müstəqilliyinin 24-cü ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib
Tədbir iştirakçıları ilk öncə Heydər parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev “Dəyirmi masa”nı açaraq 24 il əvvəl Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bununla əlaqədar tarixi sənədin qəbul edildiyini bildirib.
Çıxış edənlər müstəqilliyin ilk illərində yaşanan ağır tarixi şəraitdən, dağılmaqda olan Sovet imperiyasının havadarlıq etdiyi erməni təcavüzkarlarının işğalçılıq müharibəsindən, törədilən təxribatlardan ətraflı danışıblar. Vurğulanıb ki, ölkəmizdə yaşanan gərginlik böyük öndər, zəngin dövlətçilik təcrübəsinə malik görkəmli siyasi xadim Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişinədək davam edib. Məhz Ümummilli Liderin müdrik rəhbərliyi ilə müstəqilliyimiz qorunub saxlanılıb, Azərbaycan inkişaf yoluna qədəm qoyub, suveren dövlət kimi beynəlxalq aləmdə özünə layiqli yer tutub.
Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib, dönməz və əbədi olub. Məhz Ümummilli Liderin siyasi varisinin uğurlu rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, həmçinin dünyanın ən sürətlə inkişaf edən, müstəqil daxili və xarici siyasəti ilə tanınan bir ölkəyə çevrilib.