17 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezodenti İlham Əliyev Ağsu rayonunda səfərdə olub
Dövlət başçısı əvvəlcə rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
İlham Əliyev Ağsu rayonuna səfəri çərçivəsində İdman Kompleksinin açılışında iştirak edib
1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda Olimpiya hərəkatında yeni mərhələ başlandı və ölkəmiz dünyanın idman ailəsinə daxil oldu. Bu sahənin inkişafının təmin edildiyi Azərbaycan beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkan funksiyasını yerinə yetirməyə başladı. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu dövrün əsas xarakterik xüsusiyyəti ölkədə geniş maddi-texniki bazaya malik idman infrastrukturunun yaradılması, sahənin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, idmançıların sosial problemlərinin həlli ilə bağlı daha təsirli tədbirlərin görülməsi idi. İlk növbədə regionlar da daxil olmaqla bütün ölkə üzrə beynəlxalq standartlara cavab verən yeni, müasir idman qurğularının, olimpiya idman komplekslərinin tikilməsinə başlandı. Təxminən bir neçə il ərzində bu məqsədə yüksək səviyyədə nail olundu. Bununla da ölkədə yeni idmançı nəslinin yetişməsini, idmanın kütləviliyinin təmin olunmasını qarşıya əsas məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxardı. Azərbaycan atletləri dünya miqyaslı turnirlərdə, olimpiya oyunlarında qızıl medallar qazanaraq ölkəmizin idman statusunu daha da yüksəltdilər.
2015-ci ildə tarixdə ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarında da idmançılarımız böyük uğura imza ataraq ölkəmizin aktivinə 56 medal yazdılar ki, onlardan 21-i qızıl, 15-i gümüş, 20-si isə bürünc medal oldu. Beynəlxalq idman ictimaiyyəti bu Oyunların yüksək səviyyədə təşkil olunduğunu bəyan etməklə Prezident İlham Əliyevin və xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında güclü hazırlıq prosesindən sonra ilk Avropa Oyunlarının yüksək standartının yarandığını etiraf etdilər. Beləliklə, dövlətimizin idman siyasəti bu gün uğurla davam edir və Ağsuda inşa olunan idman kompleksi də bu siyasətin mühüm komponentidir.
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan kompleksin tikintisinə 2013-cü ilin may ayında başlanıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb və bu ilin sentyabrında başa çatdırılıb.
Kompleksin həyətində geniş abadlıq-quruculuq işləri görülüb. Burada ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi qayğını, müxtəlif dövrlərdə Ağsuya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da maraq doğurur.
Kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Dövlətimizin başçısı kompleksin üzgüçülük hovuzu ilə tanış oldu.
Qeyd edildi ki, uzunluğu 18,5, eni isə 11 metr olan hovuz böyüklər və balacalar üçün nəzərdə tutulub. Burada sauna, masaj otağı və türk hamamı da yaradılıb.
Prezident İlham Əliyev kompleksin taekvondo və boks zalında yaradılan şəraitlə də maraqlandı.
Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaq. Bu idman qurğusundakı güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Müasir idman qurğuları ilə təchiz edilən trenajor zalı da idmançıların ixtiyarına veriləcək. Kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və inzibati otaqlar mövcuddur. Binada tennis, bilyard zalları da yaradılıb və bununla da mükəmməl infrastruktur formalaşdırılıb.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi.
İlham Əliyev Ağsuya səfəri çərçivəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib
Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu məsələlərdə yaxından iştirak etməklə xalqın partiyası olduğunu aydın nümayiş etdirir. Bu da ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamının real həyatda təsdiqini tapdığını göstərir.
Yeni Azərbaycan Partiyasının sıralarının ildən-ilə genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, şübhəsiz ki, cəmiyyətdə bu siyasi quruma olan etimad, hörmət və nüfuzdan qaynaqlanır. Partiyanın uğurlu fəaliyyətində onun rayon təşkilatlarının da rolu böyükdür. Respublikanın bütün bölgələrində inşa olunan Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının inzibati binaları müasirliyi ilə seçilməklə yanaşı, həm də inşa olunduğu şəhərin və rayonun gözəlliyinə əlavə çalarlar qatır. Bu binalarda səmərəli fəaliyyət göstərmək üçün maksimum şərait yaradılır.
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının yeni inzibati binası da bu baxımdan diqqəti cəlb edir.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlət başçısına məlumat verildi ki, partiyanın inzibati binasının tikintisinə 2014-cü ilin may ayında başlanıb və bu ilin avqustunda başa çatdırılıb. Tikinti ən müasir standartlara uyğun həyata keçirilib. Ümumi sahəsi 535 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub. Binanın foyesində Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşə var. 100 nəfərlik akt zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilə bilər. İnzibati otaqlarda səmərəli fəaliyyət üçün hərtərəfli imkanlar yaradılıb.
Partiyanın bölgələrdəki qurumları arasında Ağsu rayon təşkilatı da fəaliyyəti ilə seçilir. Təşkilat hazırda 5 mindən çox siyasi həmfikiri bir araya toplayıb və onun üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verirlər, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər. Partiyanın rayon təşkilatının üzvlərinin 30 faizini gənclər, 40 faizini isə qadınlar təşkil edir. Yeni Azərbaycan Partiyası təşkilatları üçün bu cür müasir inzibati binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə hesablanıb. Bu, eyni zamanda, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikanın ağır günlərində yaranan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına dövlətimizin göstərdiyi diqqəti nümayiş etdirir.
İlham Əliyev Ağsuya içməli suyun verilməsi mərasimində iştirak edib
Dövlət başçısı “milli su təchizati və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində həyata keçirilən Ağsu rayonunda su təchizatı, çirkab su sistemləri və çirkab su təmizləyici qurğunun tikintisi” layihəsi ilə tanış oldu.
Prezident İlham Əliyevə məlumat verən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, Ağsu şəhərinin içməli suya tələbatını təmin etmək üçün suyun Külüllü ərazisində Girdimançayın məcrası altından və Ağsuçayın yuxarı hissəsində mövcud olan quzey bulaqlarından götürülməsi nəzərdə tutulub. Külüllü ərazisində dəniz səviyyəsindən 175 metr yüksəklikdə yerləşən mövcud su qəbuledici qurğudan içməli suyun borularla qəbul edilərək Ağsu şəhərinə və rayonun 8 kəndinə ötürülməsi məqsədi ilə həmin ərazidə məhsuldarlığı 52,5 litr/saniyə olan nasos stansiyası və magistral boru kəməri, o cümlədən nasos stansiyasından təzyiq tənzimləyici anbarına qədər magistral təzyiqli boru kəməri tikilib. Bundan başqa Ağsu rayonunun Padar, Gursulu, Kalağaylı, Yenilik, Pirhəsənli və Elabad kəndlərinin 5260 nəfər əhalisini içməli su ilə təmin etmək üçün magistral boru kəmərindən su çıxışı verilib. Eyni zamanda, su şəbəkəsindən rayonun Təklə və Muradlı kəndlərinin 1080 nəfər əhalisini içməli su ilə təmin etmək üçün su çıxışı da hazırdır.
Bildirildi ki, Ağsuçayın yuxarı hissəsində yerləşən quzey bulaqlarından Ağsu şəhərinə 2010-cu ildə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına magistral su ötürücü xətti rayon icra hakimiyyəti tərəfindən inşa edilib. Quzey bulaqlarından həmin boru xətti ilə nəql edilən içməli su layihə çərçivəsində əsaslı təmir edilərək müasir avadanlıqla təchiz olunan 500 kubmetrlik su anbarına nəql olunur və buradan əhaliyə paylanır. Bundan əlavə, layihə üzrə təzyiq tənzimləyici və paylayıcı anbarlar inşa olunub, Ağsu şəhərindəki daha bir su anbarı əsaslı təmirdən sonra müasir standartlara cavab verən yeni avadanlıqla təchiz edilib.
Dövlət başçısına məlumat verildi ki, artıq layihə üzrə müxtəlif diametrli içməli və magistral su xətləri, o cümlədən şəbəkə su xətti çəkilib və bunun üzərində 5493 ev birləşməsi və 481 yanğın hidrantı quraşdırılaraq nəzərdə tutulan işlər yekunlaşıb. Abonentləri içməli su ilə təmin etmək üçün 5020 sayğacın quraşdırılması başa çatdırılıb. Bundan əlavə, müxtəlif diametrli kanalizasiya xətləri, o cümlədən kollektor xətti çəkilib. Kanalizasiya şəbəkə xətləri üzərində 5301 ev birləşməsi və 3136 baxış quyusu quraşdırılıb. Çirkab su təmizləyici qurğunun tikintisi üçün Muradlı kəndinin ərazisində torpaq sahəsi ayrılıb və hazırlıq işlərinə başlanılıb. Çirkab su təmizləyici qurğusundan çıxan təmizlənmiş suyun mövcud Ağsu kollektoruna axıdılması nəzərdə tutulub.
Sonra Prezident İlham Əliyev Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Bu gün biz çox əlamətdar hadisəni birlikdə qeyd edirik. Ağsu rayonunun içməli su layihəsi artıq başa çatır və nəhayət, bu problem öz həllini tapır. Artıq şəhərə təmiz, gözəl mənbədən içməli su verilir və hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Çünki siz də yaxşı bilirsiniz, mən də bilirəm ki, Ağsunun içməli su problemi həmişə çox ciddi problem kimi qalmışdı. Yadımdadır, birinci dəfə Prezident kimi Ağsuya gələndə vətəndaşlar bu məsələni qaldırmışdılar ki, içməli suyun keyfiyyəti çox aşağıdır və insanların sağlamlığına mənfi təsir göstərir. O vaxt müəyyən tədbirlər görüldü. Ancaq bu gün Ağsu şəhərinin içməli su problemi əsaslı şəkildə tam həll olunur. Təmiz mənbədən keyfiyyətli içməli su verilir. Kanalizasiya layihəsi də başa çatmaq üzrədir. Mənə verilən məlumata görə, gələn il bu layihə də başa çatacaq.
Eyni zamanda, bu içməli su layihəsi çərçivəsində bir neçə kəndə də suyun verilməsi nəzərdə tutulur. Gələcəkdə əlbəttə ki, başqa kəndlərə də içməli suyun verilməsi nəzərdə tutulmalıdır. İçməli su insanların sağlamlığı üçün əsas şərtdir və əminəm, indi yaradılan bu şərait imkan verəcək ki, insanlar daha da sağlam olsunlar. Xüsusilə, gənclər, yetişən gənc nəsil sağlam böyüyəcək. Çünki içməli su, təmiz hava, keyfiyyətli ərzaq məhsulları, tibbi xidmət, fiziki hərəkət və əlbəttə ki, sağlam həyat tərzi insanların sağlamlığı üçün əsas amillərdir. Onların da demək olar ki, hamısı indi Ağsuda var. Yalnız xəstəxana çatışmır. Keçən dəfə mən burada olanda stadion açıldı. Bu gün isə idman mərkəzi açılıb, şəhərə içməli su verilir. Mən artıq buradan Səhiyyə Nazirliyinə tapşırıq verirəm ki, xəstəxananın tikintisini sürətləndirsinlər. Tezliklə o da sizin sərəncamınıza veriləcək.
Ağsu sakini Akif MİRZƏYEV dedi: Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun. Bu gün Siz suyun verilməsi mərasimində iştirak edirsiniz. Ömrünüz su qədər uzun olsun. Minnətdarıq. Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Sağ olun.
Ağsu rayonunun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şəfəq BALIYEVA dedi: Möhtərəm cənab Prezident, icazə verin bir-iki kəlmə də mən öz ürək sözümü bildirim. Bu gün dünya çox çətin dövr yaşayır. İstər təbii fəlakətlər, istər hərbi münaqişələr. Mən bütün Azərbaycan xalqı adından cəsarət edib çox xoşbəxt olduğumuzu bildirmək istəyirəm ki, bizim Sizin kimi sipərimiz, Prezidentimiz var və biz arxayın, aramla öz zəhmətkeş həyatımızı sürdürürük. Allah Sizi qorusun ki, Siz də bizi qoruyasınız.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Ağsu rayonunun uğurlu inkişafı məni çox sevindirir. Çünki mən artıq dördüncü dəfədir ki, Prezident kimi rayona səfər edirəm və görürəm çox böyük inkişaf var. Abadlıq, quruculuq işləri, sosial məsələlər öz həllini tapır, müəssisələr yaradılır. Burada böyük bir şirə zavodu istifadəyə verilmişdir, indi müxtəlif ölkələrə öz məhsullarını ixrac edir. Kənd təsərrüfatı inkişaf edir. Son vaxtlar yaratdığımız iri fermer təsərrüfatları arasında Ağsu rayonunda olan təsərrüfat məhsuldarlığa görə birinci yerdədir, rekord göstəricidir. Sizi təbrik edirəm.
SAKİNLƏR: Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Taxılçılıqda orta məhsuldarlıq bu gün Azərbaycanda ilk dəfə olaraq 30 sentnerdən yuxarıdır. Ağsuda təqribən 35 sentnerdir. Amma iri fermer təsərrüfatında bu, 50 sentnerdir. Bu, görünməmiş nailiyyətdir, yüksək nəticədir. Biz bu təcrübəni gərək başqa təsərrüfatlarda da tətbiq edək ki, daha da bol məhsul yetişdirək. Çünki insanların məşğulluğu, ərzaq təhlükəsizliyi, ümumiyyətlə, iqtisadi inkişaf üçün kənd təsərrüfatı xüsusi yer tutur.
Biz neft siyasətində bütün lazımi işləri gördük. Bu gün ölkəmiz, xalqımız üçün onilliklər bundan sonra imkan yaradan “Cənub” qaz dəhlizi layihəsini icra edirik. İnfrastruktur layihələri demək olar ki, başa çatır. Bax, bugünkü layihə bunun bariz nümunəsidir. Kənd yolları tikilir. Mən bu gün Kürdəmir-Ağsu yolunu açmışam, o yolla gəlmişəm. Bakı-Şamaxı-Ağsu yolu. Bu da həll olunub. “Azərişıq” burada elektrik təsərrüfatının yenilənməsi ilə məşğuldur. Qazlaşdırma gedir. Mənə söz veriblər ki, Ağsuda qazlaşdırma ilin sonuna qədər 90 faizə çatacaq. Bu da tarixi nailiyyətdir. Bundan sonra yerli istehsal, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı bizim üçün prioritet olmalıdır. Çünki bizim üstünlüyümüz ondadır ki, bizdə əhali artır. Demək olar ki, qonşu ölkələrin bir neçəsində demoqrafik tənəzzül yaşanır, xüsusilə Ermənistanda. Artıq orada yaşayanların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada insanlar artıq o şəraitə dözmürlər. Digər tərəfdən, təbii artım yoxdur. Ancaq bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və çox böyük üstünlükdür. Amma bununla bərabər, bizim iqtisadiyyatımız da buna uyğun şəkildə artmalıdır. Hər il Azərbaycanda əhalinin sayı təqribən 100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq. Ona görə, bizim iqtisadiyyatımız buna uyğun şəkildə inkişaf etməlidir. Son illərdə 1 milyondan artıq yeni iş yeri yaradılıb. Ancaq bu, daimi proses olmalıdır. Ona görə, yeni əkin sahələrinin dövriyyəyə buraxılması, Taxtakörpü, Şəmkirçay kimi böyük su anbarlarının tikintisi, digər kiçik anbarların inşası kənd təsərrüfatının inkişafına dəstək olacaq. Çünki məşğulluq artmalıdır, işsizlik tam aradan qaldırılmalıdır və insanlar daha da yaxşı yaşamalıdırlar.
Gələcəkdə elə məhsul istehsal olunmalıdır ki, biz o məhsulu istənilən xarici bazara ixrac edə bilək. Sizin Ağsudakı zavodun məhsulları kimi. Belə zavodlar çox olmalıdır. Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb. Bu gün göstəriş vermişəm ki, xəstəxana da tezliklə tikilib istifadəyə verilsin.
İnfrastruktur layihələri icra edilir, ölkəyə investisiyalar qoyulur. Azərbaycan dünyada yaşanan bu çətin dövrdə də nümunə göstərir. Ona görə də təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr yazılır. Əminəm ki, yaxın gələcəkdə elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Azərbaycan möcüzəsi, doğrudan da möcüzədir. Belə bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi möhkəmləndirmək, ölkəni qabağa aparmaq doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır.
Görün bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir. Bir il bundan əvvəl bunların heç biri yox idi. Qanlı toqquşmaların sayı artır, coğrafiyası genişlənir. Bu qarşıdurmaya, müharibələrə yeni ölkələr qoşulur. Avropada böhran yaşanır. Mən artıq demişəm, bu, daha çox mənəvi böhrandır. Qaçqınlara münasibətdə bu ayrı-seçkilik, bu pis rəftar heç bir çərçivəyə sığmır. Özləri prinsiplər, dəyərlər bəyan ediblər. Başqa ölkələrin daxili işlərinə qarışmaq üçün bunu bayraq edib hər yerdə bəyan edirlər. Onda bu prinsipləri öz ölkənizdə də göstərin. Qadınları, uşaqları, qocaları döyürlər, onlara işgəncə verirlər. Bu insanların nə günahı var?! Ayrı-seçkilik göstərirlər, deyirlər ki, müsəlman qaçqınları buraxmayacağıq, bu nə deməkdir?! Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır. Yenə də Avropada faşizm baş qaldırır?! Axı faşizm bir bəla kimi müsəlman aləmində yaranmayıb. Biz yaxşı bilirik ki, harada yaranıb. Yəni, bunu unutdurmaq istəyirlər. İkinci Dünya müharibəsi haqqında Qərbdə qəsdən təhrif edilmiş informasiyalar gedir. Sovet xalqının, o cümlədən Azərbaycan xalqının iştirak etdiyi o müharibədə sovet ordusunun qəhrəmanlığını aşağılamaq istəyirlər. Televiziyada, internetdə gördüyümüz bu mənzərə yenə də o günləri bizə xatırladır. Yenə də faşizm baş qaldırır? Yenə də insanları təbəqələrə, millətlərə, dinlərə bölürlər? Ona görə islamofobiya çox böyük təhlükədir. Bu, bizim üçün təhlükədir. Çünki biz müsəlmanıq. Onlar üçün də təhlükədir.
Bu qarşıdurma həm ideoloji qarşıdurmadır, həm təbii resurslar uğrunda gedən mübarizədir, müharibədir və təsir imkanlarını genişləndirmək üçün qarşıdurmadır. Ona görə, biz buna hazır olmalıyıq və hazırıq. Biz bütün tədbirləri vaxtında gördük. Qoymadıq ki, yad qüvvələr, bizim inkişafımızı istəməyən qüvvələr Azərbaycanda kök salsın. O kökü biz kəsdik. Kəsdiyimiz üçün də bizə qarşı indi olmazın iftiraları uydurulur. Amma biz buna hazırıq. Əsas odur ki, Azərbaycan inkişaf etsin, insanlar sülh, əmin-amanlıq, sabitlik şəraitində yaxşı yaşasınlar. Azərbaycan burada həm iqtisadi, həm siyasi, həm mənəvi cəhətdən bütün dünyaya nümunə göstərir. Axı Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur. Müxtəlif dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar.
Mən dəfələrlə demişəm, bizim aramızda heç bir ayrı-seçkilik ola bilməz. Dinindən, millətindən asılı olmayaraq hamımız Azərbaycan vətəndaşlarıyıq, hamımızın eyni, bərabər hüquqları var. Budur normal həyat tərzi. Əslində, bizim yaşadığımız bu mühit normal həyat tərzidir. Ancaq görün indi başqa yerlərdə nələr baş verir. Ona görə, mən əminəm ki, Azərbaycan modeli öyrəniləcək və nümunə kimi göstəriləcək. Biz əlbəttə, öz işimizi ona görə qurmamışıq ki, kiminsə xoşuna gələk, yaxud da kimsə bizdən örnək götürsün. Biz bunu özümüz üçün edirik. Biz istəmirik kimsə bizim işimizə qarışsın. Yəni, kənardan oturub Azərbaycana mühazirə oxumaq istəyən məgər bizi bizdən daha çox istəyir? Təbii ki, yox. İstəyir ki, burada təsir imkanları genişlənsin, Azərbaycanı müxtəlif təxribatlara sövq etsin, cəlb etsin, təhrik etsin.
Biz bu təxribatlara getmirik. Getməyəndə də onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün yoldayıq. Bu da var. Azərbaycan xalqı güclü xalqdır, bütün təzyiqlərə dözür, dözəcək, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır və bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq münasibətləri qurmaq olar. Biz buna hazırıq. Əgər onlar hazırdırlarsa, biz də hazırıq. Əgər yox, onda, necə deyərlər, səninki səndə, mənimki məndə.
X X X
Daha sonra xatirə şəkli çəkdirildi.
Sonda Prezident İlham Əliyev Ağsu şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
İlham Əliyev yenidənqurma işlərindən sonra Ağsu Şahmat Məktəbinin açılışında iştirak edib
Hazırda ölkəmizdə nəhəng idman qurğuları tikilir və ya yenilərinin yaradılması istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizi nəinki yerləşdiyi coğrafi məkanda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Ölkəmizin hər yerində Olimpiya komplekslərinin, sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı bu gün nəhəng idman hərəkatının yaşandığı məkanlardan birinə çevirib. Bu istiqamətdə şahmata olan diqqət və qayğı da vurğulanmalıdır. Şahmatçılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsi bunu bir daha təsdiqləyir. Görülən işlərin nəticəsidir ki, artıq ölkəmiz beynəlxalq səviyyəli şahmat turnirlərinə ev sahibliyi etməyə başlayıb. Təsadüfi deyil ki, hazırda Bakı şahmat üzrə növbəti Dünya Kubokuna ev sahibliyi edir. Sentyabrın 11-də təntənəli açılışı olan bu nüfuzlu yarışa ümumilikdə 45 ölkədən 128 zəka sahibi qatılıb. Bu da təbii ki, idmanın digər sahələri ilə yanaşı, şahmatın, onun infrastrukturunun möhkəmləndirilməsinin də dövlətin diqqət və qayğısı ilə əhatə olunmasının göstəricisidir.
Məlumat verildi ki, Şahmat Məktəbinin ümumi sahəsi 430 kvadratmetrdir. Burada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.
Prezident İlham Əliyevə məlumat verildi ki, Ağsu Şahmat Məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbdə şahmat dərslərinin keçirilməsi zəruri avadanlıqla təchiz olunan əsas yarış zalı, 2 tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var. Burada şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter guşəsi yaradılıb. Bu da dərslərin müasir innovativ vasitələrin köməyi ilə keçirilməsinə və ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Şahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Onu da deyək ki, Ağsu idmançıları son illərdə respublika və beynəlxalq şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev ərazidə salınan Şahmat parkına da baxdı.
Burada sakinlərin, eləcə də məktəbə gələnlərin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda açıq hava şəraitində şahmat taxtası qurulub, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.