Bir qrup ağsulu çağırışçı gənc təntənəli surətdə hərbi xidmətə yola salınıb
Prezident İlham Əliyevin Sərəncamına əsasən, iyulun 1-dən start götürən gənclərin həqiqi hərbi xidmətə çağırış kampaniyası Ağsu rayonunda da müvəffəqiyyətlə davam edir.
İyulun 15-də Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında bir qrup çağırışçı gəncin təntənəli yolasalma mərasimi keçirilib. Əsgər gedən gənclər əvvəlcə Heydər parkında müasir Azərbaycan dövlətinin, onun silahlı qüvvələrinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra çağırışçı gənclər Heydər Əliyev Mərkəzinə gəliblər. Burada Ulu Öndərə həsr edilən sənədli filmə baxıb, mərkəzdə sərgilənən sənədlərlə tanış olublar.
Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə təntənəli yolasalma mərasimi keçirilib.
Mərasimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərov açaraq Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, silahlı qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri ardıcıl və məqsədyönlü tədbirlərdən, bu gün ordumuzun müstəqilliyimizin qarantı olmasından ətraflı danışıb.
Çıxışlarda gənclərə uğurlu yol, vətənimizin, müstəqilliyimizin qorunmasında şərəfli xidmət arzulanıb.
Rayon musiqiçilərinin konserti ilə müşayiət olunan mərasimin sonunda gənclər marş sədaları altında Azərbaycan bayrağını öpərək yola düşüblər.