Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Azərbaycan Polisi Günü təntənəli surətdə qeyd olunub

02 iyul 2015 | 10:00

Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Polisi Gününə həsr edilən təntənəli yığıncaq keçirilib. Rayon icra hakimiyyətinin, digər hüquq-mühafizə orqanları rəhbərlərinin, polis veteranlarının qatıldığı tədbirin iştirakçıları ilk öncə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ümummilli Liderimizin abidəsini ziyarət edib, heykəlin önünə əklil və çiçəklər qoyublar.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Ulu Öndərin həyat və fəaliyyətinə dair fotoşəkillərlə və digər sənədlərlə tanış olublar.
Təntənəli yığıncaqda rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eldar Paşayevin Azərbaycan polisinin keçdiyi yol və müstəqil dövlətimizin qurulmasında onun rolu barədə məruzəsi dinlənilib, çıxışlar olub.
Qeyd olunub ki, tarixi 97 il əvvəl savadsız və qeyri peşəkar fəhlə-kəndlilərdən ibarət azsaylı mühafizə dəstələrinin təşkili ilə başlanan Azərbaycan polisi çətin və şərəfli bir yol keçib. Yarandığı ilk vaxtlardan bəri polis ölkəmizdə etibarlı bir qüvvəyə çevrilib. Ötən əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycanda tale yüklü bir çox problemlərin həllində, o cümlədən erməni təcavüzünə qarşı döyüşlərdə, vətəndaş müharibəsinin, daxili seperatçılıq meyllərinin qarşısının alınmasında fədakarlıqlar göstərib.
Təntənəli yığıncaqda ölkəmizin hüquq mühafizə orqanları arasındakı hazırkı işgüzar sıx əlaqələrdən, cinayətkarlığa qarşı səmərəli əməkdaşlıqdan bəhs edən natiqlər bunun böyük dövlət və siyasi xadim, ulu öndər Heydər Əliyevin bu istiqamətdə işləyib hazırladığı strategiyanın, həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlu nəticəsi kimi dəyərləndiriblər. Məruzə və çıxışlarda, habelə Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin daimi diqqət və qayğısının, ciddi tələbkarlığının Azərbaycan polisinin fəaliyyətindəki uğurlarda xüsusi əhəmiyyəti vurğulanıb.
Təntənəli yığıncaqda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Ərəstun Cavadov Azərbaycan Polisi Günü münasibətilə iştirakçıları təbrik edib, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıblar.
Sonda  xidməti vəzifəsində fərqlənən bir qrup polis əməkdaşına döş nişanı, Fəxri Fərman və pul mükafatı verilib.

Keçidlər