Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

31 mart 2022 | 11:00

Ağsu rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Rayon icra hakimiyyətinin iclas zalında təşkil olunan tədbirdə idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbiri açdıqdan sonra icra başçısının müavini Sevil Mirzəliyevanın “31 Mart - tariximizin qanlı səhifəsi” mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub.
  Məruzə və çıxışlarda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının tarixinə nəzər salınıb. Qeyd olunub ki, 104 il əvvəl erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədən qadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksan ediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə–baba torpaqlarından qovulub. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb.
  Vurğulanıb ki, Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
  Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə - soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.
  Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Keçidlər