Ağsu rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib
Ağsu rayonunda 8 mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov əlamətdar gün münasibətilə qadınları təbrik edib. İcra başçısı qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadınının həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana kimi həmişə dərin hörmət və ehtirama layiq olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup qadına rayon icra hakimiyyətinin fəxri fərmanı, bütün iştirakçılara isə bayram hədiyyələri verilib.