Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayoununda Xocalı soyqırımının 30-cu ildönümü müxtəlif tədbirlərlə qeyd olunub

26 fevral 2022 | 11:00

Fevralın 26-da səhər saatlarında rayon rəhbərliyi, ictimaiyyətin çoxsaylı nümayəndələri, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları, qazilər şəhərin Heydər Əliyev prospektindən başlayaraq yürüş ediblər. Əllərində Xocalı soyqırımı ilə bağlı şüarlar tutan yürüş iştirakçıları prospektdən keçərək Azərbaycan küçəsi ilə irəliləyib, sonra Heydər parkına gəliblər. İştirakçılar rayon mədəniyyət sarayının foyesində sərgilənən, Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar yeniyetmə və gənc rəsm həvəskarlarının çəkdikləri rəsmlərlə tanış olublar.
  Tədbir mədəniyyət sarayının konfrans zalında davam etdirilib. Öncə rayonun mədəniyyət işçilərinin hazırladıqıarı “Buza dönmüş arzular” tamaşası nümayiş olunub.
  Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirildiyini, əsir götürüldüyünü və əsirlərə görünməmiş işgəncələrin verildiyini diqqətə çatdıraraq, bu faciənin Azərbaycan tarixinin qanlı səhifələrindən olduğunu vurğulayıb. Törədilən soyqırımının əsl mahiyyətinin ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldığı, Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi diqqətə çatdırılıb.
  Rayonda məskunlaşan Xocalı sakini Əmrah Məmmədov o dəhşətli günlərin acı xatirələrindən danışıb. Gizləndiyi yerdən 70 nəfər insanın zorla mal tövləsinə yığaraq yandırıldığını görən, o hadisənin bu gün də gözləri önündən getmədiyini söyləyən Əmrah 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin nəhayət ki, onlara bir rahatlıq verdiyini vurğulayıb.
  Sonra çay süfrəsi arxasında Xocalıdan olan və Ağsu rayonunda məskunlaşan 10 ailə ilə görüş olub.
  Saat 17:00-da Ağsu şəhərində piyadaların, eləcə də avtonəqliyyat vasitələrinin hərəkəti bir neçə dəqiqəlik dayanmış və avtomobillərin fasiləsiz siqnalı ilə Xocalı Faciəsində şəhid olmuş həmvətənlərimizin xatirəsi yad edilmişdir.

 

Keçidlər