Şriftin ölçüsü :

Saytın rəngi :

YAP rayon təşkilatı qadınlar şurasının və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan konfrans keçirilib.

25 aprel 2015 | 10:00

Rayon mərkəzi xəstəxanasının iclas zalında keçirilən konfransı qadınlar şurasının sədri, mərkəzi xəstəxananın baş həkimi Şəhrəbani Məlikova açaraq, Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışıb.

Konfransda həkim-oftalmoloq Ülviyyə Əzimovanın “Ürəklərdə izi var...” adlı məruzəsi dinlənilib, çıxışlar olub. Məruzədə tanınmış alimin keçdiyi mənalı və zəngin həyat yolu barədə qısa məlumat verilib. Vurğulanıb ki, Zərifə xanım tibbi tədqiqatların istedadlı təşkilatçısı, sənaye oftalmologiyası sahəsində görmə orqanının peşə patologiyası məsələləri üzrə böyük mütəxəssis, dərin klinik təfəkkürə və zəngin pedaqoji təcrübəyə malik alim kimi tanınır. O, keçmiş sovetlər birliyində ilk dəfə olaraq, sənaye istehsalının müxtəlif sahələrində, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsinə, profilaktikasına, Azərbaycanda o vaxtlar geniş yayılan troxomanın müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparıb. Eyni zamanda 10-a yaxın əsərin, 12 monoqrafiya, dərslik və dərs vasitələrinin, 200-ə yaxın elmi işin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifidir.

Zərifə Əliyeva seçdiyi sənətin yorulmaz fədaisi idi. Oftalmoloq həkimlərin diplomdan sonrakı hazırlığı sahəsində iş onun fəaliyyətinin əsasını təşkil edirdi. Onun xarakterik cəhətlərindən biri də təbabət sahəsindəki yeniliklərə diqqət göstərməsi, həmin yenilikləri öz elmi yaradıcılıq sferasına daxil edərək, kliniki praktikada tətbiq etməsi idi. Onun rəhbərlik etdiyi kafedra oftalmologiya üzrə metodik təşkilati mərkəzə çevrilmişdir. Zərifə xanım, həm də gözəl pedaqoq-alim idi. O, bilik və bacarığını böyük həvəslə gənc həkimlərə və elmi işçilərə öyrədirdi. Zərifə Əliyeva Azərbaycanda elə bir oftalmologiya məktəbi yaradıb ki, bu məktəb keçmiş sovetlər birliyinin parçalanmasına baxmayaraq, bu gün də mövqeyini itirməyən sahələrdən biri olaraq qalır.

Keçidlər