Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 yanvar 2022 | 11:00

Ağsu şəhərindəki Qəhrəmanlıq Kompleksində rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin qanla yazılan şanlı tarixi olan 20 Yanvar faciəsinin 32-ci ildönümünün qeyd ediblər.
  Rayon rəhbərliyi, ziyalılar, gənclər, idarə, müəssisə və təşkilatların nümayəndələri əvvəlcə parkdakı məşəlin qarşısına əklil qoyublar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək 1990-cı il 20 Yanvar faciəsinin dağılmaqda olan sovet imperiyasının xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilən bir qəsd olduğunu vurğulayıb. Qeyd edib ki, o vaxt Bakıya yeridilən xüsusi hərbi hissələr ağır texnikadan istifadə edərək dinc, əliyalın insanlara qarşı görünməmiş vəhşiliklər törədib, nəticədə yüzlərlə vətəndaş, o cümlədən qocalar, qadınlar, uşaqlar, hətta xidməti vəzifəsini yerinə yetirən tibb işçiləri qətlə yetirilib, yaralanıb.
  Bildirib ki, Azərbaycan Televiziyasının enerji blokunun partladılaraq ölkəmizin informasiya blokadasında saxlandığı bir vaxtda xalqımızın qəhrəman oğlu, Ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək heç bir təhlükədən çəkinmədən bəyanatla çıxış edib, hadisələrə hüquqi-siyasi qiymət verib.
  Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Vətən müharibəsi şəhidləri İsmət Qismətoğluna və Zülfüqar İsmət oğlu Qubatova verilən ordenləri onların ailələrinə təqdim edib.
  Sonra rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Sonda tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş ağsuluların uyuduğu Şəhidlər Xiyabanına gəlib, məzarların üstünə çiçəklər düzüb, xatirələrini ehtiramla yad ediblər.

Keçidlər