Ağsu rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi qeyd olunub
Dekabrın 29-da Ağsu şəhərinin mərkəzindəki bayramsayağı bəzədilən Heydər Parkında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə şənlik keçirilib. Şənlikdə rayon rəhbərliyi, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açıq havada keçirilən bayram tədbirindəki təbriklərdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün azərbaycanlıları birləşdirən, həmrəy edən, onları Vətənimizin daha da çiçəklənməsi, qüdrətlənməsi üçün birgə fəaliyyətə çağıran tarixi gün olduğu vurğulanıb.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılarda milli ruhun yüksəlməsi ilə əlaqədar səmərəli və ardıcıl fəaliyyəti ilə, milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına əlverişli şərait yaratmaqla dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb. Xüsusilə vurğulayıb ki, xalqımız Vətən müharibəsində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin sevincini yaşayır.
Şənlik rəngarəng konsert proqramı ilə davam edib. Yolka ətrafında uşaq bağçalarının fidanları və məktəblilər şənlik edib, Şaxta baba və Qar qız şənliyə xoş əhvali-ruhiyyə qatıb. Uşaqların əl işlərindən ibarət sərgi, müğənnilərin, musiqi məktəbi şagirdlərinin, o cümlədən nağaraçılar qrupunun çıxışları şənliyə qatılanlar tərəfindən maraqla qarşılanıb.