Ağsu rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunub
3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayon ərazisində yaşayan bir qrup əlillə görüşüb.
Əvvəlcə RİH başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayıb və onları Beynəlxalq Əlillər Günü münasibəti ilə təbrik edib. Bildirib ki, BMT Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qərarı ilə hər il dekabrın 3-nün Beynəlxalq Əlillər Günü kimi qeyd olunması qərara alınmışdır. Ölkəmiz də BMT Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmuşdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident cənab İlham Əliyev tərəfindən daima əlillərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, eləcə də şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Ölkə Prezidenti tərəfindən bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin məbləğlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sərəncamlar verilir. Son illər bu sahədə rayonda da bir sıra işlər həyata keçirilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 16 mənzilli olmaqla iki yaşayış binası tikilmiş, həmçinin fərdi yaşayış evləri inşa olunmuş, eyni zamanda onlara minik avtomobilləri verilmişdir. Cənab Prezidentin tapşırığına əsasən rayonda əlillər üçün hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir.
RİH başçısı xüsusilə vurğulayıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şanlı qələbə qazandığı 44 günlük Vətən müharibəsində sağlamlığını itirmiş vətəndaşlarımızın sağlamlığının bərpası və normal həyata qayıtmağı istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır.
Görüşdə müharibə əlilləri çıxış edərək onlara göstərilən qayğı və diqqəti daim hiss etdiklərini, bunun sayəsində bir çox məsələlərin həll edildiyini, bütün bunlara görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, həmçinin bir sıra xahiş və təkliflərini səsləndiriblər. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov görüş iştirakçılarının irəli sürdükləri məsələlərin tezliklə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlarını verib.