Ağsu rayonunda narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Oktyabrın 27-də Ağsu rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər və qarşıda duran təxirəsalınmaz vəzifələrə həsr olunan tədbir keçirilib.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Füzuli Kərimli tədbiri açaraq, narkomaniya ilə mübarizənin bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, bu istiqamətdə rayonda görülən işlər barədə ətraflı məlumat verib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Seymur Quliyev və digər çıxış edənlər bu təhlükəli bəlanın dəhşətli fəsadlarından danışıb, respublikamızda mövcud vəziyyət barədə məlumat veriblər. Çıxışlarda narkomaniyaya qarşı aparılan mübarizədən danışılıb, qarşıda duran vəzifələrdən bəhs edilib. Xüsusilə diqqətə çatdırılıb ki, bu gün narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcu olmalıdır.
Tədbirdə mövzu ilə əlaqədar müzakirələr aparılıb, təkliflər səsləndirilib, suallar cavablandırılıb.
Sonda narkomaniya probleminə dair ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda treninq keçirilib.
Treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və zəruri əyani vəsaitlər verilib.