Ağsu rayonunda 27 sentyabr - Anım Günü silsilə tədbirlərlə qeyd olunub
27 sentyabr - Anım Günü respublikamızın bütün bölgələrində olduğu kimi, o cümlədən Ağsu rayonunda silsilə tədbirlərlə qeyd olunub.
Mərasimlərdə şəhidlərin ruhuna Quran oxunub, dualar edilib. Silsilə tədbirlərdə iştirak edənlər Qəhrəmanlar Kompleksini, Şəhidlər Xiyabanını və rayonun müxtəlif yaşayış məntəqələrindəki qəbiristanlıqlarda şəhid məzarlarını ziyarət edib, Vətən uğrunda həlak olan igid oğullarımızın məzarları üzərinə çiçəklər düzüblər.
Qəhrəmanlar Kompeksində təşkil olunmuş mərasimdə çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən geniş söhbət açaraq müharibələrin itkisiz olmadığını qeyd etmiş, vətən övladlarının böyük şücaət göstərərək qəhrəmancasına şəhid olduqlarını bildirib. Şəhidlərimizin xalqımıza bəxş etdiyi misilsiz qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını diqqətə çatdırıb. Erməni qəsbkarları üzərində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib.
Tədbirlərdə şəhidlərə, Vətənə həsr olunan ədəbi-bədii kompozisiyalar, “Vətən var olsun!” flaşmobu nümayiş etdirilib. Şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.