Barama istehsalının yekunlarına həsr olunmuş tədbir keçirilib
Ağsu Rayon İcra Hakimiyyətində 2021-ci ildə rayonda yaş barama istehsalının yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan RİH başçısı cənab Rövşən Bağırov qeyd etmişdir ki, "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Ölkə Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr Ağsu rayonunda da uğurla yerinə yetirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər rayonda kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülüb. Respublikamızın digər bölgələrində olduğu kimi, rayonumuzda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması ilə əlaqədar vacib addımlar atılır. Baramaçılığın müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. 2021-ci ildə rayonda 62 nəfər kümçü tərəfindən 120 qutu ipək qurdu toxumu bəslənərək 5523 kq yaş barama istehsal olunmuşdur. Hər qutuya düşən yaş barama istehsalı 46 kq təşkil etmişdir ki, bu da nəzərdə tutulduğundan 15% coxdur.
Tədbirin sonunda baramaçılıqda yüksək nəticə əldə edən kümçülər rayon icra hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri ilə təltif olunmuşlar.