Şəhid Musayev Elşən Hüseyn oğlunun ad günü qeyd edilib
Vətən müharibəsində şəhid olmuş Musayev Elşən Hüseyn oğlunun doğum günü şəhidin ailəsinin yaşadığı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeyd olunub. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, rayonun məsul vəzifəli şəxsləri və şəhidin yaxınları iştirak ediblər.
Mərasim iştirakçıları mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, şəhidin ailə üzvlərinə başsağlığı veriblər.
Tədbirdə çıxış edənlər şəhid Musayev Elşən Hüseyn oğlunun şərəfli ömür yolundan danışıblar. Bildirilib ki, şəhid Elşən Musayev 1988-cı ilin iyunun 21-də Ağsu rayonunda anadan olmuşdur. O, 2005-ci ildə Ağsu şəhər 3 saylı tam orta məktəbini bitirmiş, həmin ildə hərbi xidmətə yollanmışdır. 2006-cı ilin oktyabrında hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə N saylı hərbi hissənin həmlə taborunda xidmətə başlamışdır. Vətən müharibəsi başlayanda Elşən Musayev də döyüşlərə qatılmış, Cəbrayıl və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, 8 oktyabr 2020-ci ildə şəhid olmuşdur. Şəhid Elşən Musayev göstərdiyi qəhrəmanlıqlara görə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Xalqımız ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi oldu. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Sonda şəhidin ailəsinə Vətən müharibəsində həlak olmuş əsgərlərin xatirəsinin simvolu olan Xarıbülbül gülünün formasında şəhidin adı yazılmış böyük ölçüdə rəmzi nişan təqdim olunub, şəhidin qızı Ayşən Musayevaya hədiyələr verilib.
Şəhidin ailə üzvləri Elşən Musayev ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.