Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda tibb işçilərinin peşə bayramı günü qeyd olunub

17 iyun 2021 | 11:00

Ağsu rayonunda 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü təntənəli surətdə qeyd olunub.

  Rayon mərkəzi xəstəxanasının iclas zalında karantin rejimi qaydalarına uyğun keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı cənab Rövşən Bağırov tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. Ölkəmizdə səhiyyənin inkişafından, Prezident cənab İlham Əliyevin diqqət və qayğısından bəhs edən icra başçısı dünyanı cənginə alan koronavirusla mübarizədə əldə olunan uğurların məhz bu diqqətin, bu qayğının nəticəsi olduğunu söyləyib.

  İcra başçısı Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğının, onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasında gördüyü işlərin böyük razılıq və rəğbət doğurduğunu söyləyib.

  Yığıncaqda çıxış edən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Əli Hüseynov və başqaları bölgədə müasir arxitektura ilə tikilən və hər cür şəraiti olan 165 çarpayılıq xəstəxananın, habelə 15 həkim məntəqəsinin və 19 tibb məntəqəsinin fəaliyyət göstərdiyini, burada müxtəlif ixtisaslı 164 nəfər həkimin, 503 nəfər tibb işçisinin çalışdığını bildiriblər. Koronavirusla mübarizədə görülən işlərdən bəhs edən Əli Hüseynov deyib: “Ağsu rayonunda hazırda aktiv halda koronavirus xəstəsi yoxdur və yeni xəstə qeydə alınmayıb. Bu, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlərin, aparılan vaksinasiyanın nəticəsidir. Artıq Ağsu rayonunda 17 min nəfər vaksinasiya olunub, onlardan 6 min nəfərə hər iki doza vurulub. Bu proses davam edir”.

  Təntənəli yığıncaqda bir qrup qabaqcıl tibb işçisinə göstərdikləri xidmətə görə və Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Ağsu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı verilib.

Keçidlər