Şəhid Xəlilov Ceyhun Azər oğlunun adına tikilən bulağın açılışı olub
Ağsu rayonunun Padarqışlaq kəndində Vətən müharibəsi şəhidi Xəlilov Ceyhun Azər oğlunun adına tikilən bulağın açılışı olub. Mayın 18-də təşkil olunan açılış mərasimində rayonun rəhbər şəxsləri və kənd sakinləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Padarqışlaq kəndində, şəhidin uyuduğu məzarlığa gəliblər. Dualar oxunub, şəhid Ceyhun Xəlilov, eləcə də digər şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Bulağın açılış mərasimdə rayon icra hakimiyyəti başçısının I müavini Füzuli Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov və başqaları çıxış edərək şəhidin ömür yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıblar.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağından danışılıb.
Eyni zamanda şəhidin qısa, lakin şərəfli həyat yolundan söhbət açılıb. Bildirilib ki, Ceyhun Azər oğlu Xəlilov 2001-ci il sentyabrın 22-də Padarqışlaq kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda Ceyhun da döyüşlərə qatılıb. Tərtər istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. Sentyabrın 28-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.