Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

08 may 2021 | 11:00

8 may 2021-ci il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin və YAP Ağsu rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib.
  Videokonfransda Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli, aparatın məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri iştirak ediblər. 
  Tədbiri giriş sözü ilə RİH başçısının birinci müavini Füzuli Kərimli açaraq bildirib ki, dünya dövlətləri sırasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı Ulu Öndər Heydər Əliyevin vaxtilə yaratdığı möhkəm, etibarlı və möhtəşəm təməl üzərində qurulmuşdur. Ümummilli Lidermizin bütün addımları gələcəyə hesablanmış, bu günkü azərbaycan xalqının firavan yaşaması üçün atılmışdır. Heydər Əliyev ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəldiyi ilk gündən böyük çətinliklərə baxmayaraq, respublikada ictimai-siyasi sabitliyi bərqərar etdi, cəmiyyətin demokratikləşməsi, dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl işlər həyata keçirdi. Azərbaycanın siyasi tarixində dövlət müstəqilliyinin qorunub saxlanılmasında dünyanın nüfuzlu təşkilatları və dövlətləri ilə çoxşaxəli münasibətlərin qurulmasında Ulu Öndərin misilsiz xidmətləri olub. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deməklə 2003-cü ildən səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı cənab İlham Əliyev Ümummilli Lidermizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan inkişaf, tərəqqi, davamlı uğurlar tariximizə Zəfər Gününün yazılmasını şərtləndirdi. Son 17 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı, 30 ilin işğalına son qoyuldu, ərazi bütovlüyümüz bərpa edildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqımıza Qələbə yaraşır. Ölkə başçısının Qarabağın ürəyi Şuşamızın işğaldan azad olunması müjdəsini xalqımıza çatdırarkən söylədiyi bu fikirlər hər birimizdə böyük qürur hissi yaratdı: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözümüz aydın olsun, dünya azərbaycanlıları!”
  Videokonfransda “Dahi şəxsiyyət” mövzusunda RİH başçısının müavini Sevil Mirzəliyeva, “Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətləri” mövzusunda YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov, “Əsrimizin dühası Heydər Əliyev” mövzusunda Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə, “Heydər Əliyev müstəqil Azərbaycanda təhsil islahatlarının banisidir” mövzusunda Ağsu rayon Təhsil şöbəsinin müdiri Aqil Həsənov çıxış edərək bildiriblər ki, 1993-cü ildə xalqın istəyi ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı yaranmış təhlükədən xilas edərək xalqın xilaskarına çevrildi. Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi Onun özündən sonra siyasi kursunu hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini – cənab İlham Əliyevi yetişdirməsi olmuşdur. Bu gün Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan öz Ümummilli Liderinin anadan olmasının 98-ci ildönümünü möhtəşəm tarixi Qələbə fonunda qeyd edir və hər gün yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident cənab İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır. Bu gün cənab Prezidentin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ümummilli Lidermiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Onlar əminliklə bildirmişlər ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış Vətən Müharibəsində ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik respublikamızın bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində də öz bəhrəsini verəcəkdir.


 

Keçidlər