Şəhid Toğrul Fərəczadənin xatirəsi anılıb
Ağsu rayonunun Bico kəndindən olan, Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan xüsusi təyinatlı Toğrul Fərəczadənin uyuduğu kənd qəbiristanlığındakı məzarı yanında anım mərasimi keçirilib. Anım mərasiminə gələnlər şəhidin qəbri üzərinə əklil qoyub, tər qərənfillər düzüblər.
Anım mərasimində 1993-cü ilin oktyabr ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olan Toğrulun Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan danışılıb. Vurğulanıb ki, Toğrul Fərəczadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Çıxışlarda, habelə Toğrul və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində ermənilərin diz çökdürüldüyü vurğulanıb.
Mərasim iştirakçıları sonra şəhidin doğulub boya-başa çatdığı ata ocağına gəlib, burada ayrıca bir otaqda yaradılan muzeylə tanış olublar. Muzeydə nümayiş etdirilən, şəhid Toğrul Fərəczadənin qısa həyat yolunu əks etdirən sənəd və fotolar hər kəsdə böyük maraq doğurub.