Ağsuda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib
Ağsu Rayon İcra Hakimiyyətinin akt zalında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Füzuli Kərimli, Milli Məclisin deputatı Eldar İbrahimov iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğısı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib.
Sonra təşkilati məsələlər müzakirə olunub. Ağsu Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Seyfəddin Abdullayev Ağsu Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.
Tədbirdə Millət vəkili Eldar İbrahimov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, xeyir-duası həmişə ali həyat məramı olub.
Rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin Abdullayev göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.