İlin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir.
Ağsu rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları uğurlu olub, ayrı-ayrı sahələrdə diqqətəlayiq nəticələr qazanılıb. İlin ilk üç ayında rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 34 milyon 178 min manat təşkil edib.
Məruzə və çıxışlarda bölgə iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda görülən işlər ətraflı təhlil olunub. Bildirilib ki, ilin birinci rübündə cins heyvandarlıq, taxılçılıq, toxumçuluq, bağçılıq sahələrinin inkişafının dəstəklənməsi davam etdirilib. Cari ilin məhsulu üçün əkilən 33131 hektar payızlıq taxıl sahələrinə aqrotexniki qulluq göstərilib. Bu müddətdə 606 hektar sahədə yazlıq bitkilər əkilib. Bütün göstəricilər üzrə heyvandarlıq məhsullarının istehsalı artıb.
Ətraf mühitin mühafizəsi və ekoloji sabitliyin təmin olunması istiqamətində görülən işlərdən də bəhs olunub. Qeyd edilib ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində hesabat dövründə rayon ərazisində ümumilikdə 4910 ədəd müxtəlif növ ağac əkilib.
Həmçinin rayonda tikinti-quruculuq və abadlıq işləri də davam etdirilib. Belə ki, nəinki Azərbaycanda, regionda ən iri və müasir emal müəssisələrindən olan “Az Qranata” MMC-nin şirə və şərab emalı zavodunda məhsulların çeşidinin artırılması, yeni texnologiyaların tətbiqi istiqamətində müvafiq addımlar atılıb. Onlarca obyektin inşası, küçə və parkların yenidən qurulması, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb.
Əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı sahələrində də ardıcıl iş aparıldığı vurğulanıb. Rayonun 9 kəndinin təbii qazla təminatına imkan verəcək Hacıqabul MQKS-nin Kəndoba qazpaylayıcı stansiyasının əsaslı təmiri başa çatdırılıb.
Hesabat yığıncağında qarşıda duran vəzifələr də geniş müzakirə olunub. Qeyd edilib ki, sahibkarlara lazımi dəstək göstərilməsi, aqrar sektorun texniki təminatı bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Sonda Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrdən danışıb.