Kəlbəcər rayonu işğaldan azad olundu
Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, tarixi abidələrə, təbiətə böyük ziyan vurulmuşdur. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Rayonun ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər tərəfindən talan edilmişdir.
Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnika, canlı qüvvə göndərilmişdir.
Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən xaos, siyasi böhran yaranmışdı. 1992-93-cü illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı. Bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarı o vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir.
Paşinyanın addımları o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasıdır. Savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən AXC hakimiyyətində təmsil olunanların obrazı Paşinyanın obrazıdır.
Ambisioz naşıların siyahısı belədir:
• AXC hakimiyyətində parlamentin sədri olmuş şəxs uğursuz kiçik elmi işçi;
• Dövlət katibi komsomoldan çıxmış karyerist, öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, ölümünə hamıdan çox sevinmiş və sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam;
• Xarici işlər naziri fizika müəllimi olub, heç bir dildə danışa bilməyən, ümumiyyətlə xarici münasibətlərin mahiyyətini başa düşmədən xaricə turist kimi səfərlər edir və qeyri-adekvat açıqlamalar verirdi;
• Müdafiə naziri, riyaziyyat müəllimi idi, məhz o Şuşanı düşmənə təhvil verdi;
• Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi;
• Daxili işlər naziri canlı efirdə quldurluq edir, jurnalistləri həbs edir, döyür, maşınların yük yerinə atırdı.
1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.
Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər. Ermənistana unitazla qaçan "sakin" erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər. Kəlbəcər şəhərində məktəb direktorunun orta məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan deqradasiyanı dünyaya nümayiş etdirdi.
İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Azərbaycan tərəfi Kəlbəcərdəki bütün tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və Xudavəng məbədlərini bərpa edəcək, onun əsl milli kimliyini - alban tarixini təqdim edəcək. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz həm məscidləri, həm kilsələri tarixi sərvətimiz kimi qoruyuruq. Erməni “tarixçiləri” qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.
Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar. Məscidlərin dağıdılmasına etiraz edilməməsi Qərb ölkələrinin ikili standartlarının, islamofobiyanın, xristian təəssübkeşliyinin təzahürdür. Qondarma “DQR”in ərazisində onilliklər ərzində qalmış 67 məsciddən 63-ü dağıdılmışdır. Azərbaycan Prezidenti o məscidlərin biri olan Ağdam məscidini ziyarət etmiş, məscidin dağıdılmış vəziyyətini dünyaya nümayiş etdirmişdir.
Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir.
Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək. Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir.
Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!