Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: ”Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir”

04 noyabr 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində bildirib ki, Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Birinci hərbi təxribat iyul, ikinci avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar.
  Atəşi ilk açan Ermənistan, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub.  Azərbaycan həmişə sülh planına sadiq olub. Ermənistan münaqişənin sülh yolu ilə həllinə qarşı olub, danışıqlar masasında bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. Azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar.
  Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir, kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Ermənistan kasıb ölkə, büdcəsi 2 milyard dollardan az, xarici borcu isə 8 milyard dollar olsada,  Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir.
  ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib.  Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki,  ona qulaq assın, lakin belə mesaj verilməyib. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz.
  Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir və istənilən halda torpaqlarını azad edəcək. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onların qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər. Yeddi rayon Azərbaycana qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması  oraya qayıtmalıdır. Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə təklif etdikləri artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb. Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon  işğaldan azad edilib.  Ona görə də həmin plan köhnəlmiş sayılır.
  Azərbaycanlılar və ermənilər birgə yaşamalıdır. Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın məğlubiyyətini qəbul etməsi, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməsidir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir. Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan  ərazimizdir. Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir.
  Azərbaycanda siyasi sistem və siyasi proses səmərəlidir. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud  52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir.  Azərbaycanda siyasi dialoq mühiti var. Siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib.
  Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəriciləri normaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır. Azərbaycanda ciddi daxili problemlər yoxdur. Azərbaycan özünü demokratiya nümunəsi kimi göstərmir.
  Sentyabrın 27-də Azərbaycan birinci atəş açmayıb Ermənistan açıb və bunun sübutları var.-Atəşkəsi Azərbaycan yox, Ermənistan pozur. “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi haqda iddiası yalandır. Ordumuzun yetirincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacı yoxdur.
  Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər. “Dünya üzrə əksər tarixçilər” ifadəsi yanlışdır. Ermənilər deyil, azərbaycanlılar etnik təmizləməyə məruz qalıb, ordu işğal olunmuş ərazilərimiz azad etdikdən sonra bir milyona köçkün öz yurd-yuvasına qayıdacaq. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmamışdır və bunu indi də etməyi planlaşdırmır. Şuşada kilsənin məqsədyönlü vurulması xəbəri yalandır, bunu ermənilərin özünü etməsi də istisna deyil. Bakıda erməni kilsəsi və kitabxanası hifz olunur, işğal olunmuş rayonlarımızda isə onlar məscidləri təhqir edirlər.
  Azərbaycanda həbslər haqda heç bir real fakt yoxdur, şayiədir,  jurnalist müsahibədə feyk xəbərə istinad edir. İkinci Qarabağ müharibəsinin iqtidarın xalqı öz ətrafında birləşdirməsi, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başladıldığı haqda deyilənlər Prezidentin gətirdiyi iqtisadi statistika ilə təkzib olunur. Belə bir iddia səsləndirilməsi Qərb mediasının bir çox hallarda erməni feykləri ilə işləməsini göstərir. Döyüş meydanında heç bir xarici döyüşçü yoxdur. Bakıda görünən xaricililər sadəcə turist və ya birgə hərbi təlimlərdə iştirak edənlər ola bilər.


 

Keçidlər