Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib

31 oktyabr 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
  Siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirən Ermənistan işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb.
  Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır.
  Dağlıq Qarabağ rejiminin başçısının Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”nin Xankəndin- dən Şuşaya köçürülməsi və açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar.
  Dəymiş ziyanın hesablanması üçün komendaturalar yaradılacaqdır. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır. Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Mehriban qonşuluq şəraitində erməni əhalisi də həmin torpaqda yaşamalıdır.
  BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, üç nüvə dövləti olduqları halda Ermənistana təzyiq göstərmələrinin mümkün olmaması çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməlidirlər. Təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.
  Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir. İşğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsi məsələsi aktuallaşa bilər. Erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaqdır.
  Türkiyə qardaş dövlətdir. Dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibi, tamamilə müstəqil xarici siyasət yürüdən ölkədir. Ermənistan münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir. Azərbaycanın etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri olan region ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstan, təbii ki, təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəklər. Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç bir referendum olmayacaq. Təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz.


 

Keçidlər