Azərbaycanın şanlı Ordusu status-kvonu dəyişdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. Bildirib ki, Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır. Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır.
Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbələr endirdi. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə, Moskvada danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Ermənistan yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib.
Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır.
Hərbçilər arasında əlaqələr məsələsi baza prinsiplərində dəqiq müəyyən edilib və Azərbaycan baza prinsiplərinə sadiqdir, Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb. Bu gün status-kvonu Azərbaycan Ordusu pozub və bunu status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur.
Münaqişənin qaynar fazası dövründə Qərb və Rusiya mətbuatında Dağlıq Qarabağ məsələsinin həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələ olduğu müşahidə olunur. Ona görə sülhməramlıların və müşahidəçilərin kimlərin olacağını ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər. Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. İlk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır. Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində, danışıqlar prosesini pozub.
Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Azərbaycan bu mövqeyini bir daha təsdiq edir.
Azərbaycanın muzdluları yoxdur, sadəcə ordusu var. İndiyə qədər heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və xahiş etdik ki, hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin. İndiyə qədər Azərbaycan Prezidentinə, xüsusi xidmətlərin rəhbərlərinə, Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edilir. İndi nə istəsən yazmaq olar. Ona görə Azərbaycan bu yanaşmanı əsla qəbul etmir və bəyənmir.
Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq məhv edilib. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. 36 tankı qənimət götürülüb, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket kompleksləri, bir neçə işəsalma qurğusu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusu, TOR qurğuları məhv edilib. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçüsü var. Hətta səfərbərlik elan etməmişik. Qismən səfərbərlik elan edilib.
Erməni tərəfinə gəldikdə isə Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bu barədə məlumatlar, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır.
Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, nəqliyyat vasitələri ilə humanitar və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır. Yeri gəlmişkən, bütün bu məlumatlar mətbuatda var. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Rusiya tərəfinə bildirilib ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyü güman edilir. Ona görə ki, Rusiya, Fransa və ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmaq çətindir. Bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların, beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Rusiyaya müraciətimiz bu məsələnin araşdırılmasına yönəlmişdi.
Minsk qrupunun həmsədrlərinin heç bir nəticəyə nail olmamaları haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalır. Lakin Minsk qrupu səy göstərib, təkliflər verib, irəliyə çox böyük addımlar atılıb. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə Azərbaycanı bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsi müzakirə edilirdi. Sadalanan bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər.
İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. Paşinyan Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası “Çıxış” adlanır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər. Buna görə də Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür.
Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşdı. Bu da Azərbaycanın mövqeyinin göstəricisidir.