Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə vermişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verərkən bildirmişdir ki, mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək Ermənistan üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək üçün Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tutur və cavab atəşinə təhrik edir. Ermənistanın terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq. Türkiyə hər zaman olduğu kimi, bir daha Azərbaycanı açıq və birmənalı dəstəklədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan və onun Baş Naziri böyük həmrəylik göstərərək çox müsbət açıqlamalar vermişlər.
Atəşkəs imkan verəcəkdi ki, bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun. Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Lakin Ermənistanın planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda, vaxt qazana, yeni qüvvələr səfərbər edib Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar.
Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, Azərbaycan üçün məqbul olmayan bəzi maddələr açıqlamaya salınmalı idi. Bundan xəbərimiz yox idi. Xarici İşlər naziri Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Təqvimlə əlaqədar mövqeyimizi yumşaltmaq o demək deyil ki, bu təqvim olmayacaq. Müzakirə prosesi çərçivəsində açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda, bu cəhdlər səmərəsiz qalacaq.
Minsk qrupuna həmsədrlik edən ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Birinci mərhələdə işğal olunmuş rayonlardan Minsk qrupu çərçivəsində təsbit edildiyi kimi, beş rayon, sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən erməni silahlı qüvvələri çıxarılır. Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində davam edir.
Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar vətəndaşımızdır. Ölkəmizdə yaşayan millətlər ölkəmizin gücünü artırır. Dağlıq Qarabağda yaşayan ermənilər canını o kriminal xunta rejimindən qurtarandan sonra daha yaxşı, güvənli, təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq. Ona görə, indi müharibədən sonrakı mərhələyə baxmalıyıq. Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə kömək edərsə, buna nail olmaq mümkün olacaq.
Bu gün Azərbaycanda yeni nəsil, müstəqillik şəraitində vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi, güclü ordumuz var. Ermənistanın məqsədi Azərbaycanı dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Hücumlar zərrə qədər də bizi yolumuzdan döndərə bilməz! Çünki haqq yolundayıq, bu yolu uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik.
Sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə suveren Azərbaycan ərazisindən, torpaqlarından söhbət gedir. İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz. Bu, beynəlxalq hüquqa ziddir, qəbuledilməzdir! Sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. İlk növbədə, torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması lazımdır. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, 30 illik müzakirə müddətində müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ müzakirə də olunmayıb. Ona görə bu, hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan mümkün deyil.
Minsk qrupunun tərkibi dəyişməlidir. Minsk qrupu 1992-ci ildə yaradıldı. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Bölgədə onların hər hansı maraqları, təsiri də yoxdur. Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. De-yure ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun.
Paşinyan Rusiyanın Prezidenti hörmətli Vladimir Putinə bir gündə dəfələrlə zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər. Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan, heç bir əcnəbi bu savaşda iştirak etmir. Deyilənlər atılan iftiradır, böhtandır. Bir dənə də sübut gətirilmir. Ermənistanda, o cümlədən Dağlıq Qarabağda əcnəbi terrorçular, PKK-nın düşərgələri var. Bölgəni işğalçılardan təmizləyəndən sonra Dağlıq Qarabağdakı düşərgələri də məhv edəcəyik.
Azərbaycan Türkiyədən hərbi texnika alır, ancaq başqa ölkələrdən də alır. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var.
Son iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi. Erməni ordusuna çox böyük zərər vuruldu, 33 tank qənimət götürüldü. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika sıradan çıxarıldı. TOR, KUB, KRUQ, yük avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir.
Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Rusiyanın Ermənistanda hərbi bazası, 5 min əsgər var. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərindən biri boru xəttinə yaxınlaşmaq, ya da onu nəzarət altına almaq idi. Məhz elə ona görə onlar ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar. Paşinyan küçədən gələn bir adamdır. Ermənistanı fəlakətə aparır. Ermənistanda bu gün diktatura tam hökm sürür. Paşinyan Beynəlxalq müstəvidə, ənənəvi müttəfiqlərlə Rusiya, Belarus, digər ənənəvi müttəfiqlərlə problem yaratdı. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır
Azərbaycan evləri dağılmış insanların problemlərini həll edəcək. Xalq da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq. Azərbaycan vətəndaşı deyir ki, evim də, malım da batsın, təki Qarabağ alınsın və hamımız bu amalla yaşayırıq. Bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq. Buna son qoyuruq və qoyacağıq. Ermənistana şans verdik. Atəşkəsə razı olmaya da bilərdik. Bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər.
Azərbaycanın regional məsələlərdə rolu çox önəmlidir, o daha da artacaq. Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də kimsə bulanıq suda balıq tutmağa çalışardı. Prezident Rəcəb Tayyib Ərdoğanın toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu.