Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə vermişdir

05 oktyabr 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə bildirib ki, Ermənistan torpaqları həmişəlik işğal altında saxlamaqla status-kvonun dəyişməsini istəmir. Bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.
  Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, nəticəsiz fəaliyyət göstərir. Bunun əsas səbəbi Ermənistanın mövqeyi, ikinci  isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən Ermənistana təzyiqin olmamasıdır.
  Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları da eynisini ediblər, lakin bu, kifayət etmir. Təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin göstəricisidir.
  Son iki ildə “inqilab”dan sonra Ermənistanın bəyan etdiyinə nəzər salındığında görünür ki, onlar həmişə təhrik ediblər, yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədində yerləşən kəndlərə və hərbi mövqelərə hücum etdilər.
  Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmış və bu diversiya qrupunun başçısı yaxalanmışdır.
  Onlar Azərbaycanı günahlandırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Çox ciddi siyasi böhran səbəblərindən onların daxili çətinliklər vardır. Ermənistanda baş verənləri bilirik. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır.
  Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Onlar ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Çünki Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Bu bəyanatdan sonra keçirilən görüşlər tamamilə mənasız idi, formal xarakter daşıyırdı, ərazilərin geri qaytarılmayacağı deyilirdi.
  Növbəti təxribat olaraq Ermənistanın baş naziri bir neçə ay öncə Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini Azərbaycana və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə Azərbaycan yox, həm də Minsk qrupu rədd etdi.
  Şuşa şəhərində “andiçmə” mərasiminin təşkil olunması qondarma “Dağlıq Qarabağ lideri”nin növbəti təxribat idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu azərbaycanlıların hisslərini təhqir etmək üçün edib. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar.
  Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmayıb. Azərbaycan özünü müdafiə etməli idi. Əgər Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Mülki şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır. Mülki insanlar arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə dağılıb.
  Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, Azərbaycan torpağıdır. Onu geri almışıq, onu güc yolu ilə geri qaytarmışıq, onları itkilər verərək geri qaytarmışıq, heç vaxt bundan geri dönməyəcəyik. Orada yaşayacağıq.
  BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var.
  Ermənistan Azərbaycana bəzi xarici dəstəklə bağlı yalan xəbərlər yayırlar. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir.
  Türkiyə qardaş ölkədir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və biz bu dəstəyi hiss edirik. Türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması dezinformasiyadır. Su-25 təyyarəsi qəzaya uğrayıb.
  Ordumuzda və ehtiyatımızda kifayət qədər insan var. Qismən səfərbərlik elan edilib. Ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan var. Hələlik buna ehtiyac yoxdur. Ermənistanın isə buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar Yaxın Şərqdən insanları cəlb edirlər və buna sübutumuz var, özdə təkcə erməni əsilliləri deyil. İnternetdə videolarda Yaxın Şərqdən olan insanlar erməni əsgərlərinin formasını geyinib birlikdə oturub, onlarda Ermənistanın milli bayrağı var, birlikdə oturub müzakirə aparırlar. Onlar buna görə məsuliyyət daşımalıdırlar.
  Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın Baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

Keçidlər