Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan hərbçilərlə görüşüblər

01 oktyabr 2020 | 11:00

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Görüş zamanı Ali Baş Komandan cənab İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri və bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan əsgəri  öz doğma torpağında haqq yolunda vuruşur və yaralanır. Bizim əsgərlərimiz erməni əsgərlərindən fərqli olaraq xilaskar əsgərlərdir. Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər əllərindən gələni edəcək ki, gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıtsın.
  Azərbaycan Respublikasının Prezidenti daha sonra qeyd edib ki, Şəhid ailələrinə və Qarabağ qazilərinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə və Qarabağ qazilərinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanındadır. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.
  Ali Baş Komandan bildirib ki, mövcud danışıqlar formatı heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir. Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur. Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur. Xalqımız öz dövlətinin ərazi bütövlüyünü bərpa edəcək. Orduda və cəmiyyətdə ruh yüksəkliyi var. Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər.
  Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.


 

Keçidlər