Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində Dağlıq Qarabağ münaqişəsini ətraflı şərh etmişdir

22 sentyabr 2020 | 11:00

Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili uzun illər ermənilərə separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib. Azərbaycan xalqının cəlladı olan M. Qorbaçov və onun  ermənilərdən ibarət yaxın ətrafı   ölkəmizə qarşı nifrətlə yaşayırdı. Dağlıq Qarabağda yaradılmış xüsusi komitəyə M.Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi. A.Volskinin vaxtında  azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən, Xankəndindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmışdır. Sovet İttifaqının 366-cı alayı da azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır.
  Ermənistanın bugünkü rəhbərliyi öz məsuliyyətsizliyi ilə ölkəni uçuruma aparır, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan bu hadisəyə  neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçəryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir. Daha sonra N.Paşinyan  Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini, Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər.
  Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməmişdir. İndi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər isə Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir.
  Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya  digər insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. İki keçmiş prezident  sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya verilmir. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Ermənistanla faktiki olaraq danışıqlar getmir. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Ermənistan rəhbəri danışıqlar prosesini pozur. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Minsk qrupunun həmsədrləri də  Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər.  
  Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edərək Azərbaycanı təxribata çəkmək istəyirlər. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin   dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribatdır.
  İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi  açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. İyul təxribatından sonra avqust ayında isə mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün göndərilən diversiya qrupunun başçısı tutulub.
   Cənab Prezident qeyd edir ki, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir.  Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir. Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu , BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.
  Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək istəyirlər. Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur.Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.
  Azərbaycan Prezidenti mövcud  problem, narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verir: "Serbiya və Rusiya  prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm.  Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda   gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də ermənilər olmuşlar. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verərək ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub".
  Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Cənab Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Azərbaycanı BMT-də ən çox dəstəkləyən ölkələr müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. 
  Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədərək dini tarixi abidələri dağıdıb, müsəlman müqəddəslərini təhqir edib. Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirməlidir.
  İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışan Ermənistan  müsəlman məscidlərini dağıdır, orada inək, donuz saxlayır, müsəlmanların heysiyyətinə toxunur. Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. İqtisadiyyat çökən Ermənistan uğursuz ölkədir, əhalisi azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil.
  Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Son illər ərzində Türkiyə-Azərbaycan  birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır. Bu təlimlər Azərbaycana, Türkiyəyə əsasəndə regional sabitliyə lazımdır. Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək. Çünki Ermənistan hər zaman regional sabitlik üçün təhdiddir.
  Tovuz hadisələrinə təsadüf edən Naxçıvanda keçirilən təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif  qapıları döyüb yardım istəyirlər.
  Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik.  Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 


 

Keçidlər