Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda pambıq yığımına başlanılıb

09 sentyabr 2020 | 11:00

Ağsu rayonunun pambıqçıları məhsul yığımına başlayıblar. Sentyabrın 9-da pambıq dolu ilk lafet karvanının qəbul məntəqələrinə yola salınması təntənəli mərasimlə qeyd edilib.
  Rayon rəhbərliyinin, fermerlərin, torpaq mülkiyyətçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə çıxış edənlər mühüm strateji sahə olan pambıqçılığın inkişafı ilə əlaqədar Prezident cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrlə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən, bu sahəyə göstərilən dövlət dəstəyindən danışıblar.
  Bildirilib ki, cari ildə rayonda 600 hektarda pambıq yetişdirilib. Məhsulun təqribən 70 faizi maşınlarla yığılacaqdır. Bu məqsədlə hələlik 3 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib. Məhsulun qalan hissəsi isə əllə toplanacaqdır. Bunun üçün ilk günlərdən tarlalara 600 nəfərədək işçi qüvvəsi cəlb olunub.
  Rayonda pambıqçılıqla məşğul olan 37 fermer təsərrüfatı var. Onlar məhsul istehsalı ilə əlaqədar “P Aqro” MMC ilə müqavilə bağlayıblar. Əksər ərazilərdə, o cümlədən daha çox əkin aparılan Çaparlı, Ləngəbiz, Ərəbmehdibəy, Gəgəli və bir sıra digər ərazi vahidlərində fermerlər bol məhsul yetişdiriblər.   
  Mütəxəssislər cari mövsümdə rayonda hər hektardan 25 sentnerdən çox məhsul götürüləcəyini proqnozlaşdırırlar. Pambıq sahələrində kütləvi yığıma yaxın günlərdə start veriləcəkdir.


 

Keçidlər