Ağsu rayonunda 2 fevral - Gənclər Günü qeyd edilmişdir.
Fevralın 2-də səhər saatlarında şəhərin mərkəzindəki Heydər parkına toplaşan gənclər müasir Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində təntənəli yığıncaq keçirilib. Yığıncaqda rayon gənclər və idman idarəsinin rəisi Azər Kərimovun “İnkişaf edən gənclik gözəl həyatımızın təminatçısıdır” mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub. Qeyd edilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti bu gün gənc nəslin cəmiyyət həyatının bütün sferalarında fəal iştirakını təmin edir.
Məruzə və çıxışlarda dövlət gənclər siyasətinin Ağsu rayonunda da uğurla həyata keçirilməsi istiqamətində görülən işlər barədə ətraflı danışılıb. Qeyd edilib ki, gənclərlə iş üzrə son bir ildə rayonda 39 tədbir keçirilib, habelə gənclərin respublika səviyyəli 17, zona miqyaslı 12 tədbirdə iştirakı təmin olunub. Onların maarifləndirilməsi məqsədi daşıyan 11 konfrans, 12 seminar və 5 “dəyirmi masa” keçirilib. Azərbaycançılıq məfkurəsinin təbliği, sağlam həyat tərzinin formalaşdırılması, asudə vaxtın səmərəli təşkili, müxtəlif idman, bilik yarışmaları və sair diqqət mərkəzində saxlanılıb.
Natiqlər bu gün sağlam, vətənpərvər ruhda yetişən ağsulu gənclərin rayonun, habelə respublikamızın sosial-iqtisadi, ictimai və mədəni həyatında fəal iştirakından məmnunluqlarını bildiriblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva yekun nitqi söyləyib.
Təntənəli yığıncaqda rayon gəncləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Əməkdə, təhsildə və idmanda fərqlənən fəal gənclərə gənclər və idman idarəsinin diplomları, fəxri fərmanları və qiymətli hədiyyələri verilib.
Fevralın 2-də, habelə ümumtəhsil məktəblərinin komandaları arasında futbol üzrə rayon birinciliyinə, yeniyetmələr arasında taekvondo və şahmat yarışlarına start verilib.