Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilmişdir

26 iyul 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müşavirədə çıxış edərək bu sahədə bir sıra məsələləri diqqətə çatdırmışdır. Cənab Prezidentin bu nitqindən hazırlanmış tezisləri nəzərinizə çatdırırıq:
  - Enerji sektoruna qoyulan vəsait bu sahədə müasirləşmə imkanı yaratdı ki, biz özümüzü uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək. Əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yarandı. Bu gün 30-dan çox elektrik stansiyası enerji təhlükəsizliyini təmin edir. Qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan dünyada hava nəqliyyatının səmərəliliyinə görə 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 27-ci, bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə isə 34-cü yerdədir.
  - Ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında içməli su və meliorasiya layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz, Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhali 29 faiz idi. Bu gün isə bu rəqəm ardıcıl olaraq 70 və 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir.
  - Azərbaycanda nəhəng su layihələrinin vəziyyəti tamamilə müsbət tərəfə dəyişib. Oğuz-Qəbələ-Bakı su kəməri və Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Taxtakörpü su anbarının su tutumu 270 milyon kubmetrdir. Buradan təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Su tutumu 165 milyon kubmetr olan Şəmkirçay su anbarından qərb zonasının bir neçə rayonu faydalanır. Son illər Göytəpə və Tovuzçay su anbarları inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.
  - Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. İnsanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi.
  - Suya qənaət olunmalıdır. Bütün qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir.
  - İçməli su və meliorasiya layihələrinə böyük vəsait qoyulur. Su borularının istismar müddətinin uzadılması üçün yeni texnologiyalardan istifadə etmək lazımdır. Bu gün 22 kanalın yenidən qurulması nəzərdə tutulur. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatı tam həll ediləcək.
  - Su ehtiyatlarımızın və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində alimlər, ekologiya üzrə mütəxəssislər iştirak etməlidirlər. İşləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.

Keçidlər