Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzil və avtomobillər təqdim etmişdir
İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasında şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülmüşdür. Belə ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edimiş, 7 minə yaxın avtomobil verilmişdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur. 2020-ci ildə bu sahədə ən böyük göstəriciyə nail olunmuşdur.
Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcəkdir. Özəl sektor da artıq fəaldır. “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim etmişdir. “Paşa Holdinq” tərəfindən Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilib və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının sübutudur.
Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb. Bəzi müavinətlər isə 100 faiz artırılıb. Bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək. Pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Yeni modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb edilib.
Pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiyməti bir neçə dəfə düşüb və gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olub. Vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Neftin qiymətinin azalmasına Ermənistan sevinir. Başa düşür ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə də sevinir. İstəyir ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər.
Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olub, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib. Hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdi. Bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz.
İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Cənab Prezident İlham Əliyev hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan orduya könüllü yazılıb.
Azərbaycanın siyasəti ədalətli siyasətdir, beynəlxalq hüquqa, tarixi ədalətə söykənir. Bu günlərdə heç vaxt olmadığı qədər çox güclü beynəlxalq dəstək gördük. Ilk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında fəaliyyət göstərən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Qoşulmama Hərəkatında cəmlənən 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında cəmlənən 57 ölkə Azərbaycana birmənalı dəstək göstərdilər.
Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir. Biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas məsələdə ki, Ermənistan ölkəmizə hücum edib, mövqelərimizi zəbt etmək istəyir, hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb.
Azərbaycan Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, müdafiə edilsinlər. Tələb edirdilər ki, Azərbaycanı qınayan bəyanat verilsin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət şərh verildi. KTMT-nin 6 üzvündən 3-çü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Beləliklə, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə, ölkə daxilində və mənfur qonşu ilə mübarizədə çox böyük gücə çevrilib. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi ölkə prezidentinin daim diqqət mərkəzindədir. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək “Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq.”